İyunun 2-də Heydər Əliyev Mərkəzində Rusiyanın "Atelye" teatrı (Müstəqil teatral layihə) "Ad" tamaşasını təqdim edəcək.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, məşhur "Ad" ("Le Prenom") pyesinin müəllifləri fransız dramaturqlar Aleksandr de la Patelyer (Alexandre de La Patelliere) və Matye Delaportdur (Matthieu Delaporte).
"Atelye" teatrının təqdimatında səhnələşdirilən "Ad" tamaşasının quruluşçu rejissoru Daynyus Kazlauskasdır. Səhnə əsərində rolları Mariya Kulikova (Marqarita), Georgi Dronov (Leonid), Konstantin Yuşkeviç (Andrey), Mariya Rışenkova (Anna) və Anton Eldarov (Yevgeni) oynayırlar.
Pyesin süjet xətti həyatdan götürülüb: şam yeməyində ailənin yeni doğulmuş üzvünə qoyulacaq ad müzakirə olunur. Sevgi və intriqanı əks etdirən səhnə əsəri tamaşaçılara maraqlı, xoş anlar bəxş edəcək.
Qeyd edək ki, "Ad" ("Le Prenom") pyesinin çox uğurlu taleyi olub. Əsər əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası 2010-cu ildə Parisdə VII Eduard Teatrında keçirilib və pyes bu səhnədə 243 dəfədən çox oynanılıb. Premyeradan sonrakı iki həftə ərzində Avropanın əksər ölkələrinin, eyni zamanda İsrail, Latın Amerikası ölkələri və ABŞ-ın nüfuzlu teatrları pyesin səhnələşdirilməsi hüququnu əldə edib. 2012-ci ildə əsər eyni adla ekranlaşdırılıb və 2013-cü ildə Fransada 2 nominasiyada "Sezar" kino mükafatına layiq görülüb.
"Atelye" teatrının təqdimatında "Ad" tamaşasının premyerası 2016-cı il yanvarın 31-də olub.
"Atelye" Rusiyada fəaliyyət göstərən böyük özəl teatrdır. Tamaşaları yüksək səviyyəli peşəkarların ərsəyə gətirməsi, rolları ən güclü səhnə ulduzlarının oynaması, səhnələşdirmək üçün yalnız müasir tamaşaçıların rəğbətini qazanmış pyeslərin seçilməsi teatrın əsas prinsipləridir.