Musiqili Teatrda aktyor Ağarəfi Rəhimovun xatirəsi anılacaq

Musiqili Teatrda aktyor Ağarəfi Rəhimovun xatirəsi anılacaq backend

Bu günlərdə özünəməxsus ifa tərzi və koloritli yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoyan Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ağarəfi Rəhimovun 65 yaşı tamam olur.

Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu QAZİLER.AZ-a bildirib ki, bu münasibətlə Dövlət Musiqili Teatrında mərhum aktyorun xatirəsi anılacaq.

“Ağarəfi RəhimovAzərbaycan teatr sənətində məxsusi yeri, çəkisi olan aktyorlardan biri olub. Onun özünəməxsus ifa tərzini Musiqili Teatrın sadiq tamaşaçıları indinin özündə də çox yaxşı xatırlayırlar. Ağarəfi Rəhimov uzun müddət Azərbaycan Dövlət Musiqili Teatrında çalışıb, bir-birindən maraqlı obrazlara səhnə həyatı verib. Onun işıqlı xatirəsi qəlbimizdə daim yaşayacaq. Mayın 21-i saat 19.00-da Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli musiqili komediyasının növbəti nümayişi Ağarəfi Rəhimovun 65 illiyinə həsr olunacaq”, - deyə Dövlət Musiqili Teatrının Truppa müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Vidadi Həsənov bildirib.

Ağarəfi Hacıbaba oğlu Rəhimov 1952-ci il 9 may tarixində Bakı şəhərində anadan olub. 1972-ci ildə İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub və Rza Təhmasibin kursunda təhsil alıb. İlk səhnə fəaliyyətinə Şəki Dövlət Dram Teatrında başlayıb. 1977-1988-ci illərdə Azərbaycan Dövlət Musiqili Teatrında (o vaxtki Musiqili Komediya Teatrında) çalışıb.

1988-1996-cı illərdə Bakı Bələdiyyə “Tənqid Təbliğ” Teatrında işləyib. 1996-cı ildən yenidən Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib və ömrünün sonuna qədər burada çalışıb.

“Bankir adaxlı”, “Bəydullanın möhtəşəm toyu”, “Əlin cibində olsun”, “92 dəqiqə gülüş”, “Nəgməli könül”, “10 min dollarlıq keyf” və s. tamaşalarda və “Üzeyir ömrü”, “Birisigün, gecəyarısı...”, “Evlənmək istəyirəm”, “İşarəni dənizdən gözləyin”, “Özgə ömür”, “Gülüş sanatoriyası”, “Qətl günü”, “Şirbalanın məhəbbəti”, “Yük”, “Kənddən gələn var”, “Yoxlama”, “Papaq” və başqa filmlərdə bir-birindən maraqlı rollarda oynayıb.

Ağarəfi Rəhimov 25 oktyabr 2005-ci ildə ürək tutmasından vəfat edib.
Diaspora