Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Muzey təşəkkür edir” adlı tədbir keçirilib. QAZİLƏR.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Muzeylər Günü münasibətilə gerçəkləşən tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı da iştirak edib.
Belə ki, cari ilin fevral ayında adıçəkilən muzeyin və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə muzeydə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “26-cı ümid” adlı anım tədbiri keçirilib.Tədbirdə Gənc Tamaşaçılar Teatrının quruluşçu rəssamı, Elşən Sərxanoğlunun “26-cı ümid” adlı triptix formalı rəsm əsərinin təqdimatı və teatrın aktyorlarının ifasında eyniadlı kompozisiya təqdim olunub.
Kompozisiyada çıxış edən teatrın aktyorlar Zemfira Əbdülsəmədova, Səbinə Məmmədova, Anar Seyfullayev, Bəhram Həsənov, texniki heyət nümayəndələri Rəhilə Məlikova, Rafael Xəlilov, Zaur Rəşidov, Ramiq Nəsirov muzeydə anım tədbirinin təşkili və keçirilməsində fəal iştirakına görə muzeyin döş nişanı və təşəkkürnaməsi ilə təltif ediliblər.
Qeyd edək ki, tədbirin təşkil olunmasında məqsəd 2017-ci ilin birinci yarısında muzeyin elmi-mədəni və ictimai tədbirlərinin təşkilində fəal iştirak edənləri mükafatlandırmaq olub.