Parisdə 28 May - Respublika Günü münasibətilə “Azərbaycana səyahət” adlı fotosərginin rəsmi açılışı olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, sərgi Azərbaycanın Dostları Assosiasiyası və Paris Azərbaycan Evinin birgə təşəbbüsü ilə təşkil olunub.Açılış mərasimində Fransa parlamentinin və Senatın üzvləri, fransız jurnalistlər, iş adamları və diaspor nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dostları Assosiasiyasının baş katibi, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva tədbiri açaraq sərginin məqsədi barədə məlumat verib, fotoların müəlliflərini təqdim edib.
Daha sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və tarixi barədə danışıb, bu günün ölkə üçün əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel Azərbaycan və Fransanın dostluq əlaqələrinin getdikcə daha da genişləndiyini bildirib. O, Azərbaycanın məhz bu kimi tədbirlər sayəsində Fransada daha da tanındığını qeyd edib.
Sərgidə Azərbaycan fotoqrafları Vüqar İbadov, Etibar Cəfərov və Kərim Abbasovun fotoları nümayiş etdirilib. Fotolar əsasən Azərbaycanın rəngarəng təbiətini, zəngin memarlıq abidələrini əks etdirir.
Sərgi mayın 31-dək davam edəcək.