Yüz ilin erməni yalanları

Yüz ilin erməni yalanları backend

Tarixi faktlar sübut edir ki, hazırkı Ermənistan deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza gəlmə olduğu, çar Rusiyasının Qafqazda istilaçılıq siyasətinin genişləndiyi vaxtlarda bu ərazidə ermənilərin dövlət qurumunun olmaması tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilib.

Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri Naxçıvan Dövlət Universitetində qondarma “erməni soyqırımı” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən universitetin tərbiyə işləri üzrə prorektoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, professor Məmməd Rzayev səsləndirib.

M.Rzayev aprelin 24-də keçiriləcək qondarma “erməni soyqırımı”na toxunaraq bildirib ki, tarixdə "erməni soyqırımı" adlı hadisə baş verməyib. Bu, erməni siyasətçilərinin uydurmasıdır, erməni maraqlarına xidmət edən dairələrin bu bölgədə Türkiyə və Azərbaycana qarşı öz maraqlarının reallaşdırılması istiqamətində yeritdiyi siyasətdir.

Bu cür tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət daşıdığını vurğulayan prorektor qeyd edib ki, bugünkü zamanda ədəbiyyatı olmayan ədəbiyyat yaratmağa, dövləti olmayan dövlət qurmağa çalışır. Ermənilər də hay-küy salmaqla özlərini dünyada tanıtmaq istəyirlər və bunu yalan danışaraq edirlər.

“Dəyirmi masa”da çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Kamal Camalov qeyd edib ki, ermənilər uzun illərdir tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı dünyanın gündəliyinə gətirərək ondan siyasi məqsədlər üçün istifadə edirlər. K.Camalov deyib: “Müxtəlif ölkələrin arxivlərində olan materiallardan birmənalı belə qənaətə gəlmək olur ki, ermənilərin dediyi kimi, heç də soyqırımı olmayıb, əslində, erməni silahlı dəstələri dinc türk əhalisini qırıb”.

Hüquq fənləri kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şükür Məmmədov çıxışında qeyd edib ki, Ermənistan 24 apreldə qondarma soyqırımının 100 illiyini qeyd edir. Türkiyə isə Çanaqqala zəfərinin yubileyini. Türkiyə siyasi, elmi, mənəvi haqqı olaraq həmin günü - şərəf və ləyaqət tarixini, qalibiyyət, milli azadlıq mübarizəsinin səhifələrindən, dövlətin şanlı məqamlarından birini, millətinin qürur duyduğu məqamı qeyd edir. Ermənistan tərəfi isə saxta bir tarixin ildönümünü, özünü yazıq kimi təqdim edən, dünyanın gözündə məzlum görüntüsü yaradan bir tarixi - yəni, mənafe güddüyü tarixi qeyd edir. Bir əsrdən artıqdır ki, ermənilər dünyanın gözü qarşısında özlərinin rəzil obrazını yaradırlar.

Universitetin Tələbə İdman Şurasının sədri, pedaqogika ixtisası üzrə III kurs tələbəsi Nicat Allahverdiyev, hüquq ixtisası üzrə IV kurs tələbəsi Vüsal Məmmədov, I kurs magistr Gülxanım Orucova və digərləri gənclərə səslənərək bildiriblər ki, tarix boyu ermənilər azərbaycanlılara, ümumiyyətlə, Türk dünyasına qarşı təcavüz siyasəti həyata keçiriblər. Biz dünyaya həqiqi soyqırımın məhz Xocalıda baş verdiyini çatdırmalıyıq.

Sonda tələbələri maraqlandıran suallar tarixi faktlarla cavablandırılıb.

YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə keçirilən “dəyirmi masa”da ictimai, siyasi fəallıqları ilə seçilən tələbə gənclər iştirak ediblər.
Diaspora