Musiqili Teatrda Xanım Qafarovanın xatirəsi yad edilib

Musiqili Teatrda Xanım Qafarovanın xatirəsi yad edilib backend

Azərbaycan Dövlət Musiqli Teatrında Respublikanın Əməkdar artisti Xanım Qafarovanın xatirəsi yad edilib. Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasının növbəti nümayişi mərhum aktrisanın əziz xatirəsinə həsr olunub.

Tamaşanın nümayişindən əvvəl Musiqili Teatrın Ədəbi hissə müdiri, Respublikanın Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Xanım Qafarovanın həyat və yaradıcılığı haqqında çıxış edib. T. Pənahqızı aktrisanın canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyini, böyük maraq və rəğbətlə qarşılandığını, onun özünəməxsus ifa tərzinə malik olduğunu vurğulayıb. “Məlahətli səsə malik olan Xanım Qavarova uzun müddət Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində bir-birindən maraqlı obrazlar ifa edib.

Onun Musiqili Teatrda son oynadığı obrazlardan biri də “Arşın mal alan” tamaşasında Cahan xala olub. Xanım Qafarovanın yaratdığı Cahan xala tam fərqliydi, özünəməxsusluğu ilə seçilirdi. “Arşın mal alan” tamaşasının bugünkü nümayişinin Xanım Qafarovanın 50 illiyinə həsr olunmasının səbəbi də məhz onun vaxtı ilə bu tamaşada Cahan xala obrazını canlandırmasıdır. Əgər sağ olsaydı, ölüm onu aramızdan vaxtsız alıb aparmasaydı, indi 50 yaşını qeyd edəcəkdik. İnanıram ki, o öz obrazının öhdəsindən yenə də uğurla gələcəkdi, yenə də tamaşaçıların alqışlarını qazanacaqdı. Və təbii ki, yenə də ona gül dəstələri təqdim olunacaqdı. Mən ona təqdim olunacaq güllləri, çiçəkləri onun ağbirçək anasına və yadigarı olan qızına təqdim etmək istəyirəm! Allah Xanım Qafarovaya rəhmət eləsin! Onun işıqlı xatirəsi daim bizim qəlbimizdə yaşayacaq”, - deyə T. Pənahqızı bildirib.

Daha sonra “Arşın mal alan” tamaşası nümayiş olunub. Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Elxan İsmayılov, Ülviyyə Əliyeva, Atəş Qarayev, Aydan Həsənova və Mehriban Zalıyeva ifa ediblər.
Xanım Əbdülqafar qızı Qafarova 9 may 1967-ci il tarixində anadan olub. 1987-ci ildə İncəsənət İnstitutunun “Musiqili Komediya” fakültəsinə daxil olub, hələ ikinci kursda oxuyarkən "Tənqid-Təbliğ" Teatrında işləməyə başlayıb. Burada o, R. Əhmədzadənin "92 dəqiqə gülüş" tamaşasında Balaxanım, "Hələlik"də Nisəxanım, Qənirə və Qoca arvad rollarını, Vaqif Səmədoğlunun "Uca dağ başında" əsərində Şənbə xanım və süpürgəçi qadın rollarını çox uğurla ifa edib.

1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqli Teatrına (o vaxtki Azərbaycan Dövlət Musiqili Komediya Teatrına) dəvət olunub. Bu sənət ocağında istedadlı aktrisa Gülnaz (“O olmasın, bu olsun”), Bağdagül (“On min dollarlıq keyf”), Könül (“Nəğməli könül”), Məleykə (“Hərənin öz ulduzu”), Röya (“Səhnədə məhəbbət”), Məleykə (“Bankir adaxlı”), Qəmər (“Məhəbbət oyunu”), Sona (“Talelər qovuşanda”), xəbərçi Xədicə (“Aldın payını, çağır dayını”), Xəyalə (“Şeytanın yubileyi”) kimi yaddaqalan obrazlar yaradıb.

2003-cü ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adı ilə təltif olunub. Prezident Mükafatçısı idi.

Süd vəzisi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 11 iyul 2014-cü ildə dünyasını dəyişib.
Diaspora