Bərdə Tarix-Diyarşünaslıq Muzeyində “açıq qapı” günləri

Bərdə Tarix-Diyarşünaslıq Muzeyində “açıq qapı” günləri backend

18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyində “açıq qapı” günləri keçirilir.

AZƏRTAC xəbər verir ki, rayon sakinləri, məktəblilər, şəhərin qonaqları muzeyi ziyarət edir, Bərdənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, məişətini, adət-ənənəsini əks etdirən eksponatlarla tanış olurlar. Şəhərin VII-IX əsrlər dövrünü əks etdirən maket isə muzey ziyarətçilərinin daha çox diqqətini çəkir.

Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilən “Tariximizi qoruyaq” adlı tədbirdə muzeyin eksponatları, məktəblilərin çəkdikləri rəsmlər, kitablar, turizm informasiya mərkəzinin Bərdənin qədim tarixini və müasir inkişafını əks etdirən guşə sərgilənib.

Tədbirdə çıxış edənlər Beynəlxalq Muzeylər Gününün yaranma tarixindən, muzeylərin əhəmiyyətindən danışıblar. Bildirilib ki, hər il mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu gün qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da hər il geniş qeyd olunur.

Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən və ilkin şəhər mədəniyyətinin formalaşdığı məkanlardan olan Bərdə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir. Rayon ərazisindən aşkar edilən arxeoloji tapıntılar, qədim əmək alətləri və əşyalar Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyində mühafizə və təbliğ edilir.

Bərdə şəhər 1 nömrəli uşaq incəsənət, 5 və 6 nömrəli tam orta məktəblərinin şagirdlərinin təqdim etdiyi rəqslər və kompozisiyalar maraqla qarşılanıb.
Diaspora