Bu gün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Bakı-2015 Avropa Oyunlarının açılış mərasiminə 50 gün qalması münasibətilə Bakının Fəvvarələr meydanında Azərbaycanın və bir neçə xarici ölkənin (Fransa, İtaliya, Almaniya və Latviya) tanınmış rəssamlarının iştirakı ilə tədbir keçirib.
Trend-in məlumatına görə, tədbirdə BAOƏK-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycan Rəssamlıq Akademiyasının nümayəndəsi Azad Zeynalov, Bakı-2015-in ulduz elçiləri və digər qonaqlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan S.Kleq tədbirdə çoxlu sayda insanın iştirak etməsindən şad olduğunu bildirib: “Biz bu gün burada bu qədər insan gördüyümüzə görə çox şadıq. 50 gündən sonra Azərbaycanda keçiriləcək çox möhtəşəm, tarixdə ilk dəfə olan Avropa Oyunlarının bu təqdimat mərasimində sizi salamlayıram. Bu gün bütün Avropanın ürəyi sizinlə döyünür, çünki hamı məmnundur ki, bu möhtəşəm idman yarışması Azərbaycanda keçiriləcək”.
O, qeyd edib ki, dünyanın böyük teleyayım şirkətləri də bu Oyunlara böyük maraq göstərir: “Bu yaxınlarda bizə yeni bir xəbər gəldi ki, Böyük Britaniyanın böyük teleyayım şirkəti ilk Avropa Oyunlarını ölkədə yayımlayacağını bəyan edib. Bununla da əlavə olaraq 70 milyon insan bu Oyunlara baxa biləcək”.
S.Kleq əlavə edib ki, təkcə Avropada deyil, bütün dünyada, o cümlədən Çində, ABŞ-da, Kanadada, Cənubi Amerikada, Hindistanda, Avstraliyada yaşayan insanlar bu Oyunları izləyəcəklər: “Bu, gənc və dinamik inkişaf edən Azərbaycanı bütün dünyaya təqdim etmək üçün böyük bir imkandır. Mən tam fərəh hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan artıq mənim üçün doğma ölkəyə çevrilib. Bütün Azərbaycan vətəndaşları əl-ələ verib belə möhtəşəm Oyunların yüksək səviyyədə keçirilməsinə nail olmalıdır”.
Əməliyyatlar üzrə baş direktor ilk Avropa Oyunları üçün biletlərin satışından da danışıb: “Biletlər sürətlə satılır ki, bu da Azərbaycan əhalisinin Oyunları izləməyə çox böyük maraq göstərdiyini əks etdirir”.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının nümayəndəsi A.Zeynalov bildirib ki, Bakıda təkcə idman yarışları deyil, həm də mədəni-kütləvi propqramlar, Azərbaycana gələcək hər bir şəxs üçün maraqlı layihələr gerçəkləşəcək.
O, qeyd edib ki, Azərbaycan yadda qalacaq, ölkəmizi dünyaya göstərə biləcək böyük idman bayramına hazırlaşır: “Azərbaycanımıza belə bayramlar yaraşır və əminik ki, hər birimiz bir nəfər kimi, bu bayramı öz xatirəmizə həkk etdirərək, bizdən sonra gələn nəsillərə miras qoyacağıq”.