Bakıda, Nizami Kino Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat xidmətindən bildirilib.Tədbirdə Ümummilli Liderə həsr olunan “Dəniz qüdrətli dahi“ sənədli filmi nümayiş olunub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hazırladığı filmdə dahi şəxsiyyətin dəniz nəqliyyatı sahəsinə göstərdiyi qayğı və diqqətdən bəhs edilib. Filmdə Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyinin Heydər Əliyevin ölkəyə rəhbərliyi illərində yaradılmış potensiala əsaslandığı vurğulanır, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixində misilsiz rolu və zəhməti diqqətə çatdırılır.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, gələcəyin dənizçiləri - Azərbaycan Dövlət Dəniz Akademiyasının və Azərbaycan Dənizçilik Kollecinin tələbələri iştirak ediblər.
Qeyd olunub ki, “Dəniz qüdrətli dahi” Ümummilli Liderin dənizçilik sahəsinə diqqətindən bəhs edən ilk sənədli filmdir. Azərbaycan dilində hazırlanan film rus dilinə də tərcümə olunub.