Qorxmaz Tofiqoğluna cənubdan məktub gəldi - tamaşaçıdan maraqlı təklif

Qorxmaz Tofiqoğluna cənubdan məktub gəldi - tamaşaçıdan maraqlı təklif backend

Azərbaycan xalq yaradıcılığının ən zəngin qollarından birini aşıq poeziyası, saz-söz sənəti təşkil edir.

Aşıq sənəti adətən ölkəmizin qərb, Şirvan zonalarında, Qərbi Azərbaycanın Göyçə mahalında inkişaf edib. Azərbaycanda yaşayan azsaylı xalqlar arasında bu musiqiyə meyl demək olar ki, yox dərəcəsindədir.

Amma onlar arasında da aşıq poeziyasının, aşıq sənətinin vurğunları yox deyil, hətta bu musiqini bütün varlığı ilə sevənlər var.

Qaziler.az aşıq sənətinin aşiqlərindən birinin, milliyyətcə talış olan Heydər Nəcəfovun “İctimai” Televiziyanın “Ozan məclisi” verilişinin aparıcısı Qorxmaz Tofiqoğluna ünvanladığı məktubu əldə edib. Lənkəranın Boladi kəndində yaşayan, indi təqaüddə olan müəllim öz məktubunda aşıq sənətinə olan dərin məhəbbətini , aşıq musiqisinə vurğunluğunu ifadə edib . Məktubunu: “Aman Allah, nə elədin sən, Aldın əlimizdən Zəlimxanı sən” misraları ilə başlayan Heydər Nəcəfov Kəlbəcər və Zəlimxan Yaqub itkisinin onu çox sarsıtdığını vurğulayaraq: “ Vurğunu olduğum aşıq musiqisinin beşiyi Kəlbəcər, bilicisi isə sevimli şairimiz Zəlimxan idi”-deyir.

Ayrı-seçkiliyin əleyhinə olan lənkəranlı musiqi bilicisi Azərbaycanı burada yaşayan bütün millətlərin vətəni olduğunu xüsusi olaraq qeyd edir.
Aşıq musiqisi aşiqi məktubunda zarafatından da qalmır, bu musiqiyə olan böyük sevgisini özünəməxsus şəkildə izah edir: “Bizim cənub zonasında aşıq, saz-söz sənəti inkişaf etməyib. Zurna, balaban çalanlarımız olub, amma əlinə saz götürüb meydana girən aşıqlarımız olmayıb. Elə isə sual olunur: ay talış, sən hara, telli saz hara? Ağlım kəsəndən aşıqları, saz havalarını radioda dinləmişəm və sehrinə düşmüşəm. Saza , aşığa olan sevgi mənim qanımdadır, zatımdadır. Muğamlarımıza da eyni dərəcədə bələdəm. Türkdilli xalqların hamısında saz var. Amma Azərbaycan sazının tayı-bərabəri varmı? Aşıq Xanların “Baş müxəmməs”ini dinləyəndə deyirəm ki, ilahi, bu dünyanın hansı orkestridir? İnanmıram ki, bu səslər bir alətdən çıxır! “Dübeyti” havasına gözlər yaşarmadan qulaq asmaq mümkündürmü?!”

67 yaşlı müəllim Azərbaycanda aşıq sənətinə olan münasibətdən gileylidir: “Aşığa, saza bugünkü münasibət məni qane etmir. Bir-iki bayağı estrada mahnısı oxuyanlar əməkdar və ya xalq artisti olur. Ancaq mayası xalq yaradıcılığından gələn aşıqlarımıza heç bir fəxri ad verilmir”.

Aşıq musiqisinin vurğunu olan müəllim maraqlı təklif də verir: ““Xalq aşığı” və “Əməkdar aşıq” adı da verilməlidir! Belə olarsa, həm sənətə maraq artar, həm də gənclər daha çox bu sənətə meyl edər”.

Qaziler.az

Diaspora