Bakıda Britaniya tarixinə dair fundamental kitab nəşr olunub. “Britaniya və İrlandiyanın tarixi” adlı kitabda Britaniya adalarının bir neçə minillik tarixi, britaniyalıların yaratdığı zəngin mədəniyyət, onların sosial-iqtisadi həyatı, ənənələri, dövlətçiliyin inkişaf pillələri, bu qüdrətli imperiyanın yaranma, çiçəklənmə və tənəzzül mərhələləri geniş işıqlandırılır.
QAZİLER.AZ-ın məlumatına görə, TEAS Press Nəşriyyat evi tərəfindən nəfis tərtibatda çap olunmuş 400 səhifəlik illüstrasiyalı soraq kitabı Britaniya adalarının ilk insan məskənlərindən, ilk britaniyalılardan, Daş dövründən ta müasir günümüzə qədərki zəngin və dramatik tarixini əks etdirir. Bu kitab romalıların işğalı, vikinqlərin hücumları, vətəndaş müharibələri və eramızın qlobal münaqişələri də daxil olmaqla Britaniyanın savaşlardan yıpranmış keçmişini canlandırır.Kitabda həmçinin Orta əsrlər kilsə quruculuğundan və Yelizaveta dövrünün mədəni intibahından tutmuş Viktorian dövrü sənayesinə və qüdrətli Britaniya imperiyasının yaranmasına qədərki zəngin irs araşdırılır. Mötəbər mənbələrdən əldə edilmiş məlumatlarla zəngin olan bu kitab Britaniya tarixinin həlledici hadisələrinin möhtəşəm illüstrasiyalı salnaməsidir.
Altı fəsildən ibarət olan “Britaniya və İrlandiyanın tarixi” kitabını Britaniyanın şəkilli ensiklopediyası da adlandırmaq olar. Buradan Britaniyaya dair hər şey və hər kəs haqda məlumat əldə etmək mümkündür. Britonlardan və ilk işğallardan Marqaret Tetçerə və məşhur universitetlərə, futboldan və cazdan sənaye inqilabına və parlamentarizm ənənələrinin bərqərar olmasına qədər bir çox rəngarəng mövzuları əhatə edən kitabda kral və kraliçaların şəxsi həyatı, saray intriqaları, edamlar və siyasi qətllər, imperiyanın müstəmləkəçilik siyasəti, kilsənin cəmiyyətdəki rolu, britaniyalıların qələbələri və məğlubiyyətləri, sadə xalqın məişəti, zadəgan silkinin dəbdəbəli əyləncələri, sosial münaqişələr barədə maraqlı məlumatlar əldə etmək olar.
Kitabın hər bölümündə Britaniya tarixinə öz möhürünü vurmuş tarixi şəxsiyyətlərin, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin sonradan qanadlı sözlərə çevrilmiş məşhur deyimləri təqdim olunur. Kitabda hər mövzuya uyğun nadir fotoşəkillər və orijinal illüstrasiyalar verilib.
Britaniyalı müəlliflər kollektivinin çoxillik araşdırmalarının məhsulu olan kitab tarixçi-alimlər, tədqiqatçılar, habelə Britaniyanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və ictimai-siyasi həyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.