Qarabağ xalçaları rəngarəngliyinə və müxtəlif naxış elementlərinə görə xalqımızın xalçaçılıq mədəniyyətində özünəməxsus yer tutur. “Azərxalça” ASC-nin ilk filialının Füzuli rayonunda yaradılması heç də təsadüfü deyil. Çünki Horadizdə fəaliyyət göstərən filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edir.
“Azərxalça” ASC-nin Füzuli filialının direktoru Namiq Məmmədov bildirib ki, Prezident İlham Əliyevin iştirakı ilə 2016-cı ilin noyabrında istifadəyə verilən “Azərxalça” ASC-nin Füzuli filialında hazırda 70 toxucu, 10 inzibati-təsərrüfat işçisi fəaliyyət göstərir. Ümumi sahəsi 586 kvadratmetr olan bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 70 toxucu dəzgahlarda Qarabağın tarixi xalça çeşniləri əsasında xovlu xalçalar toxuyurlar. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanır. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib.
Xalça filialında işləyən toxucular həm Horadiz şəhərinin, həm də rayonun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar burada həm Qarabağ xalçaçılıq məktəbinin ənənələrini davam etdirir, həm də yaxşı əməkhaqqı almaqla ailələrinin sosial rifahını yaxşılaşdırırlar.
Namiq Məmmədov deyib ki, Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlax şəhərində keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələr xalçaçıların da üzərinə vəzifələr qoyur. Dövlətimizin başçısı müşavirədə digər sahələrlə yanaşı, qədim sənətimiz olan xalçaçılığın da gözəl ixrac potensialının olduğunu vurğulayıb. Füzulili toxucular tərəfindən istehsal olunan xalçaların “Made in Azerbaijan” brendi altında xarici ölkələrə ixracı nəzərdə tutulur. Odur ki, xalça filialında istehsalın artırılması üçün əlavə 80 nəfər toxucunun işə qəbuluna başlanılıb. Hazırda rayonun müxtəlif kəndlərindən olan həmin xalça toxucuları üçün tədris kursları keçirilir.