Aprelin 21-də Bakıda Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “Həmişə Gənc” şüarı altında “Youthvision” II Beynəlxalq mahnı müsabiqəsi keçiriləcək. Lent.az-ın məlumatına görə, “Youthvision” II Beynəlxalq mahnı müsabiqəsinin həyata keçirilməsi təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur.
Müsabiqənin keçirilməsində əsas məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.Müsabiqə haqqında məlumatın yerləşdirilməsi və iştirakçıların onlayn qeydiyyatı məqsədi ilə 2016-cı ildə youthvision.az saytı istifadəyə verilmişdir. Müsabiqə 14-35 yaşarası gənclər arasında keçirilir.
Müsabiqədə qiymətləndirilmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Bu məqsədlə hər iştirakçı dövlətdən 1 nəfər münsif üzvü dəvət olunur.
Müsabiqəyə ümumilikdə xarici ölkələrədən iştirakçılar, münsiflər və onları müşayiət edən şəxslər qismində 80-90 nəfər nümayəndənin gəlişi gözlənilir.