Aprel şəhidinə həsr olunan tamaşanın premyerası keçirilib

Aprel şəhidinə həsr olunan tamaşanın premyerası keçirilib backend

Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış...” tamaşasının premyerası keçirilib. Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

Tamaşanı teatr xadimləri, Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti və mətbuat nümayəndələri izləyiblər.

2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunan tamaşa Y.Abramov və L.Bəyimin “Xəyalpərvər oğlan” əsəri əsasında hazırlanıb.

Yeni səhnə əsərinin quruluşçu rejissoru, xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Ella Hacıyeva, rejissor assistenti isə Sevda Hacışəmiyeva, mahnıların ifaçısı Çinarə Məlikzadədir.

Bir hissəli psixoloji dramda əsas obrazları əməkdar artistlər Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Manaf Dadaşov, İlqarə Tosova, Elgün Yəhyayev, Anar Seyfullayev, Xəyalə Meydanova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Tahir İsmayılov, Ramiq Nəsirov, Feyruz Məmmədov canlandırıblar.

Sonda teatrın direktoru, əməkdar artist Mübariz Həmidov 70 illik yubileyi tamam olan rejissor Vaqif Əsədova ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin diplomunu təqdim edib.
Diaspora