Jurnalist Aida Eyvazlı Göytürkün aprel döyüşləri zamanı həlak olmuş şəhidlərimizin xatirəsinə həsr etdiyi “Qalibiyyət- şahidlər və şəhidlər” kitabının birinci cildi işıq üzü görüb.
QAZİLER.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, kitab Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir!” – sözləri ilə başlayır.Müəllifin bir il müddətində ərsəyə gətirdiyi kitabda aprel döyüşlərində şəhid olmuş 45 qəhrəman oğlumuzun həyat salnaməsi əksini tapıb. Kitaba “Ön söz”ü Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid yazıb. Azərbaycanın 25 illik müstəqilliyi dövründə yazılan ilk qələbə müjdəli kitabda, həm də Vətənimizin döyüş tarixindən, türk dünyasının qəhrəmanları barəsində tarixi faktlar yer alıb. “ÇapArt” nəşriyyat evinin mətbəəsində 500 tirajla nəfis şəkildə çap olunan 436 səhifədən ibarət kitab şəhidlərimizin ömür yolu, həyat hekayətləri, onların dostlarının, doğmalarının xatirələri əsasında yazılıb.
Kitabda, eyni zamanda, Lələtəpə, Seysulan, Talış yüksəkliyi barədə maraqlı xatirələr, o döyüşləri və qələbə anını əks etdirən məqamlar, aprel döyüşlərinin dünyada doğurtduğu əks-səda öz əksini tapıb.
Həmçinin, nəşrdə müəllifin özünün çəkdiyi fotoşəkillər və şəhidlərin həyatından bəhs edən fotolar da verilib. Hazırda kitabın ikinci cildi üzərində iş gedir.