Mütaliəyə diqqətin artırılması məqsədilə keçirilməsi nəzərdə tutulan “Oxu Günü” 25 aprel tarixində ədəbiyyata marağı olan hər kəsə bayram ab-havası yaşadacaq.
“Hədəf” nəşrlərinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, belə bir layihəni həyata keçirməkdə məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsinə və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Gələcəkdə Respublikamızın bütün bölgələrində həyata keçirilməsi nəzərdə tutulan “Oxu Günü” layihəsi bu il ilk dəfə olaraq Bakı şəhərində reallaşacaq.“Oxu Günü” layihəsinə aid olan şüar, çağırış və addımlar:
1. 25 apreldə sən də oxuduğun kitabı özünlə gətir, “Oxu Günü”nə qatıl;
2. Sən də Feysbukda (İnstaqramda, Tviterdə) oxuduğun kitabla birlikdə selfini paylaş, fikrini yaz, “Oxu Günü”nün mütaliə ulduzları siyahısına düş;
3. Sən də oxuduğun kitabla “Gəlin birgə oxuyaq” şüarını maraqlı tərzdə videoya çəkib bizə göndər və yüzlərlə məşhur insandan biri olmaq şansı qazan;
4. Layihədə iştirak et, 25 aprel saat 15:00-da “Oxu Günü”nə qatıl, minlərlə oxucu ilə eyni anda kütləvi mütaliə həyəcanını sən də yaşa;
5. “Oxu Günü”nə qatıl və tanınmış yazıçılar, elm adamları, ictimaiyyət nümayəndələri ilə görüşdə iştirak etmək şansı qazan;
6. Oxuduğun kitabı özünlə gətir, imzala, istədiyin iştirakçıya hədiyyə et, başqa bir kitabı hədiyyə al;
7. “Oxu Günü”nə gəl, aksiya masasına kitablar hədiyyə et, sən də oxuduqlarını oxumayanlarla paylaş.
Qeyd edək ki, layihənin ideya müəllifi və rəhbəri filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir.