2013-cü ildə yaranan ilk müstəqil “Oda” teatrı artıq “ADO Theatre – Collective” adı ilə işlərini davam etdirəcək. Teatrdan Aile.lent.az-a verilən məlumata görə, sənət mərkəzinin adının dəyişməsinə səbəb fəaliyyət planlarının genişlənməsidir. “ADO Theatre – Collective” həm də artıq işlərini yeni məkanda davam etdirəcək. Məkanın açılış mərasimi aprelin 2-də saat 20:00-da olacaq.
Müasir incəsənətin müxtəlif qollarını nümayiş etdirən ADO açılışında bir neçə tədbirlə izləyicilərin qarşısına çıxacaq. Tədbirdə məşhur rəssam Lyubov Mircavadovanın rəsmlərindən ibarət sərgi olacaq. Sərgi zamanı qısa “Hamam” adlı performans nümayiş etdiriləcək. Daha sonra qonaqlar fransız musiqiçi Pier Treqomenlə azərbaycanlı xanəndə Qoçaq Əsgərovun birgə musiqi nömrələrini dinləyəcəklər.
Qeyd edək ki, rəssam Lyubov Mircavadova dünya şöhrətli rəssam Cavad Mircavadovun həyat yoldaşıdır. 1949-cu ildə Bakıda anadan olub. 2010-cu ildə Fransa dövləti onu İncəsənət və Ədəbiyyat ordeni ilə (Kavaler dərəcəsi) təltif edib. Onun müxtəlif məkanlarda və bir neçə Avropa ölkələrinin Bakıdakı səfirliklərində sərgiləri təşkil olunub. 1992-ci il – BOSKİ qalereyası, Kopenhagen; 1994 – Art Gallery, Kopenhagen; 1999 – Fransız Mədəniyyət Mərkəzi; 2000 – Azərbaycan – Alman Mədəniyyət Mərkəzi, Kappelhaus; 2013 – Niderlandın Azərbaycandakı Səfirliyi; 2015 – Fransanın Azərbaycandakı Səfirliyinin İqamətgahı və başqa sərgilərini qeyd etmək olar. Ekspozisiyada onun indiyədək nümayiş olunmamış, yeni rəsmləri sərgilənəcək.
“Hamam” nümayişinin rejossoru ADO-nun qurucusu Elmin Bədəlovdur. Nümayişçisi isə Elsa Furtadodur.
Pier Troqman isə Muğam Mərkəzində konsert vermək üçün Fransadan Azərbaycana gəlib. O, azərbaycanlı xanəndə Qoçaq Əsgərovla birgə musiqi nömrəsini ADO-nun açılışında ifa edəcək. Onlar fərqli ifaları ilə yadda qalıblar. İfalarında cazz və muğamı daha çox sintez edirlər. Birgə ifaları isə “Mugham Souls” adlanır.