Son illərdə özünü rejissor kimi sınayan türkiyəli müğənni Mahsun Kırmızıgül "Vəzir barmağı" filmində Mirzə Ələkbər Sabirin "Qorxuram" şeirindən istifadə edib.
Sözügedən səhnənin görüntüləri sosial şəbəkədə yayılıb. Şerin ifa olunduğu səhnə azərbaycanlılar tərəfindən olduqca maraqlı qarşılanıb və müsbət hal kimi qiymətləndirilib.Onu da qeyd edək ki, şeir türk dilinə çevrilib ifa olunub.
Şeirin orijinalını və filmdən kadrları təqdim edirik. (Publika.az)
Qorxuram
Payi-piyadə düşürəm çöllərə,
Xari-müğilan görürəm, qorxmuram.
Seyr edirəm bərrü biyabanları, --
Quli-biyaban görürəm, qorxmuram.
Gah oluram bəhrdə zövrəqnişin, --
Dalğalı tufan görürəm, qorxmuram.
Gah çıxıram sahilə, hər yanda min
Vəhşiyi-ğürran görürəm, qorxmuram.
Gah şəfəq tək düşürəm dağlara, --
Yanğılı vulkan görürəm, qorxmuram.
Gah enirəm sayə tək ormanlara, --
Yırtıcı heyvan görürəm, qorxmuram.
Üz qoyuram gah neyistanlara, --
Bir sürü aslan görürəm, qorxmuram.
Məqbərəlikdə edirəm gah məkan, --
Qəbirdə xortdan görürəm, qorxmuram.
Mənzil olur gah mənə viranələr, --
Cin görürəm, can görürəm, qorxmuram.
Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.
Bu küreyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.
Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!....
Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!....