Bu gün “Sehirli xalat” filminin baş qəhrəmanlarından biri - Yusif Şeyxovun (Eldar) doğum günüdür. QAZİLƏR.AZ saytı kino.org.az saytına istinadən xəbər verir ki, hazırda 64 yaşlı Y. Şeyxov Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifəsində çalışır.
Qeyd edək ki, görkəmli kino işçisi, ssenarist Yusif Mansur oğlu Şeyxov 1951-ci il fevralın 2-də Bakıda anadan olub. 1970 - 75-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti kimi yaradıcılıq fəaliyyətinə başlayıb. Sonralar Dövlət Kinematoqrafiya Komitəsində, “Azərprokat”, “Azərkinovideo” İB, Mədəniyyət Nazirliyində məsul vəzifələrdə çalışıb. “Qobustan”, “Portret”, “Tokay Məmmədov, “Dua” və s. sənədli, “Qızıl”, “İt sərgisi” cizgi, eləcə də “Arxada qalmış gələcək” bədii filminin ssenari müəllifidir. “Mozalan” satirik kinojurnalı üçün süjetlər yazıb.Milli kino sahəsində uzunmüddətli səmərəli xidmətinə görə, Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş Yusif Şeyxov Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü olaraq milli kinematoqrafın ictimai həyatında fəal iştirak edir.