Dövlət İmtahan Mərkəzi (DİM) ümumi təhsil səviyyəsi (IX və XI siniflər) üzrə buraxılış imtahanlarında şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər haqda məlumat yayıb.
Qaziler.az-ın APA-ya istinadən xəbərinə görə, məlumatda bildirilib ki, 2017-ci ildə ümumi təhsil səviyyəsi (IX sinif) üzrə buraxılış imtahanı verəcək şagirdlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar.Bildirilib ki, (IX sinif üzrə) yazı işi şagirdin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir:
“İnşa (esse) şagirdin seçdiyi mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Şagirdlərə iqtisadi, mədəni həyat sahələri, respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. İnşa yazıda (essedə) şagird öz fikirlərini aydın və savadlı ifadə etməlidir.
İnşanı (esseni) yazarkən şagird mövzunun adını qeyd etməli, mövzuya uyğun ən azı 3 bənddən ibarət (giriş, əsas hissə və nəticəni əhatə etməklə) plan tərtib etməli, plan əsasında mövzunu dolğun yazmalı, yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli, fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə ifadə etməli, ədəbi dilin normalarına, o cümlədən qrammatika, orfoqrafiya, durğu işarələri qaydalarına uyğun ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, elmi və bədii parça, həyat hadisəsi və s.) istifadə etməlidir:
İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır. Qiymət həm yazılan inşanın məzmunu, həm də yazı savadı nəzərə alınmaqla verilir. Yazı işi bir sıra meyarlar əsasında “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndiriləcək.
“Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, şagirdin mövzunu səthi bildiyi və ya heç bilmədiyi, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, dil və nitq səhvi olan yazılara verilir.
Yazı işi qiymətləndirilən zaman aşağıdakı meyarlar nəzərə alınır - seçilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələri bilmə, şagirdin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması, çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması, yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi, yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına riayət etməklə tərtib olunması.
Yazı işində şagirdlərin özlərini tanıtmaqla bağlı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş şagirdlərin yazı işləri qeyri-məqbul kimi qiymətləndiriləcək. İnşa bir A4 səhifə həcmində (180 və ya daha çox söz) olmalıdır. 18 sətirdən (90 sözdən) az yazılan və ya seçilmiş mövzuya uyğun yazılmayan inşa qeyri-məqbul qiymətləndirilir. İnşanın yazılması üçün ayrılan müddət 30 dəqiqədir”.
Qeyd olunub ki, XI sinif üzrə yazı işi şagirdin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir:
“İnşa (esse) şagirdin seçdiyi mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Şagirdlərə iqtisadi, mədəni həyat sahələri, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. İnşa yazıda (essedə) şagird öz fikirlərini aydın və savadlı ifadə etməlidir.
İnşanı (esseni) yazarkən şagird mövzunu açmalı və dolğun əhatə etməli, yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli, mövzuya yaxşı bələd olduğunu göstərməli, təhliletmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli, fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə ifadə etməli, ədəbi dilin normalarına, o cümlədən qrammatika, orfoqrafiya, durğu işarələri qaydalarına riayət etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, elmi və bədii parça, həyat hadisəsi və s.) istifadə etməlidir.
İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır. Qiymət həm yazılan inşanın məzmunu, həm də yazı savadı nəzərə alınmaqla verilir. Yazı işi bir sıra meyarlar əsasında “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndiriləcək. “Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, şagirdin mövzunu səthi bildiyi və ya heç bilmədiyi, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, dil və nitq səhvi olan yazılara verilir.
Yazı işi qiymətləndirilən zaman aşağıdakı meyarlar nəzərə alınır: seçilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələri bilmə, şagirdin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması, çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması, yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi, yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına riayət etməklə tərtib olunması.
Yazı işində şagirdlərin özlərini tanıtmaqla bağlı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş şagirdlərin yazı işləri qeyri-məqbul kimi qiymətləndiriləcək. İnşanın həcmi 18 sətir (90 və ya daha çox söz) olmalıdır. 9 sətirdən (45 sözdən) az yazılan və ya seçilmiş mövzuya uyğun yazılmayan inşa qeyri-məqbul qiymətləndirilir. İnşanın yazılması üçün ayrılan müddət 30 dəqiqədir”.