Akademik Milli Dram Teatrının kollektivi “Vəsiyyət” tamaşası ilə cənub bölgəsinə qastrol səfərinə yollanıb. Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən tamaşa artıq Lənkəran və Biləsuvarda nümayiş olunub.
Kollektiv bu gün Cəlilabadda çıxış edib. Tamaşa Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulub. Tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.İkihissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Səhnə əsərində əməkdar artist Abbas Qəhrəmanov (Dövran), əməkdar artist Münəvvər Əliyeva və aktrisa Ləman İmanova (Röya), əməkdar artistlər Mirzə Ağabəyli (Bayram), Almaz Amanova (Zəhra), Sevinc Əliyeva (Ceyran), aktyorlar Rüstəm Rüstəmov (Pirim), Elçin Əfəndi (Samir), Ramin Şıxəliyev (Timur), əməkdar artist Kazım Həsənquliyev (Elman), aktrisalar İlahə Həsənova və Fəridə Şahbazova (Delisay) çıxış edirlər.
Tamaşanı Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edir.