"Biritish Council" əlilliyi olan və olmayan rəqqaslardan ibarət "Candoco" rəqs ansamblının iki hissəli tamaşasının təqdimatını keçirəcək. "Biritish Council"un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, layihə Mədəniyyət və Turizm Nazirliyi, Yarat Müasir İncəsənət Mərkəzi və Akademik Dram Teatrının dəstəyi ilə təşkil edilir.
Tamaşa martın 7-8-də saat 19:00-da Akademik Milli Dram Teatrında təqdim olunacaq."Candoco" rəqs ansamblının Bakı şəhərində təşkil olunacaq çıxışları ilə "British Council" Azərbaycanda əlilliyi olan sənətkarlara bir mütəxəssis kimi püxtələşmək, yeni işlər ərsəyə gətirmək və beynəlxalq arenada əməkdaşlıq etmək üçün misilsiz imkanlar təklif edəcək yeni proqrama start verir.
"Candoco" incəsənət, estetika və bacarıq anlayışları ilə əlaqədar sərhədləri aşan və bu anlayışları genişləndirən mükəmməl və hərtərəfli təcrübələr formalaşdıran, əlilliyi olan və olmayan rəqqaslardan ibarət olan rəqs ansamblıdır. Fəaliyyətinin 25 illiyini qeyd edən "Candoco" fiziki baxımdan bu günə qədərki ən fəal iki hissəli tamaşasını təqdim edir: “Beheld” (Bax) və “Set and Reset/Reset” (Qur və Yenidən qur).
Tamaşadan bir gün əvvəl martın 6-da "British Council" Yarat ilə birlikdə əlilliyi olan insanların çalışdığı təşkilatlar və əlilliyi olan şəxslər üçün Birləşmiş Krallıq və Azərbaycan təcrübələrini bölüşmək, eləcə də inklusiv mədəniyyət mövzusunda gələcək addımları müzakirə etmək məqsədilə seminar və "dəyirmi masa" təşkil edəcək. Tədbirdə dövlət qurumlarının nümayəndələri, əlillik və sosial inkluzivlik sahəsində çalışan yerli və milli təşkilatlar, rəqs və teatr nümayəndələri, təhsil müəssisələri, nüfuzlu şəxlər və potensial sponsorlar iştirak edəcəklər.
Qeyd olunub ki, "Candoco" tamaşaları üçün biletlərin qiyməti 6 AZN-dir və biletləri Bakı şəhərinin kassalarından əldə etmək olar.