Beynəlxalq kollokviumda "Kitabi-Dədə Qorqud"un tanıdılması proqramı qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan Trend-ə verilən məlumata görə, Bakıda Fond, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumu işini müzakirələrlə davam etdirib.Kollokvium Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi, oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un alman diplomat və şərqşünas, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə çevrilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunub.
Türkiyə, Qazaxıstan, Rusiya, İtaliya, Gürcüstan, Latviya və Almaniyadan məşhur qorqudşünasların, türkoloqların, nəşriyyat rəhbərlərinin, araşdırmaçıların iştirak etdiyi tədbir Bilik Fondunda baş tutub.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev kollokviumda dünya səviyyəli qorqudşünasların iştirakını yüksək qiymətləndirərək, alimlərin səsləndirəcəyi təkliflərin “Kitabi-Dədə Qorqud” dastanının araşdırılması və təbliğati işinə böyük töhfələr verəcəyinə əminliyini vurğulayıb.
Kollokviumda elm adamlarının təklifləri əsasında aparılan fikir mübadiləsinin nəticələri ümumiləşdirilərək "Kitabi-Dədə Qorqud” dastanının həm ölkə daxilində, həm də xaricdə hərtərəfli tanıdılması məqsədi ilə 2015-ci il boyu keçiriləcək tədbirlərin proqramı müəyyənləşdirilib, təşkilat komitəsi və işçi qrupu yaradılıb.
Qonaqlar günün ikinci yarısı Dədə Qorqud parkında olublar. Onlara parkın yaradılması ilə bağlı geniş məlumat verilib.
Kollokviumun yekun tədbiri Bakı Slavyan Universitetində olub. Müxtəlif universitet tələbələrinin iştirakı ilə keçirilən toplantıda kollokvium iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Bununla yanaşı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Baki Slavyan Universiteti və Yunus Əmrə İnstitutu arasında birgə əməkdaşlıq sazişi imzalanıb.
Xatırladaq ki, kollokviumun birinci tədbiri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilib.