Azərbaycan Xalça Muzeyində “Ailə günü”

Azərbaycan Xalça Muzeyində “Ailə günü” backend

Cari ilin 28 yanvar tarixində Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə muzeyin “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir keçirildi. Bu barədə QAZİLER.AZ-a Azərbaycan Xalça Muzeyindən məlumat verilib.

“Ailə günü” tədbirinin keçirilməsində əsas məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkəmizin mədəniyyət və incəsənətini tanıtmaqdır.



Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığının, dekorativ-tətbiqi sənətinin inkişafı və tarixi ilə yaxından tanış olublar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak edib, öz yaradıcı bacarıqlarından istifadə edərək incəsənət nümunələrini hazırlayıblar.


Tədbir iştirakçıları üçün müxtəlif növ müsabiqələr, oyunlar, əyləncələr və ustad dərslər təşkil olunmuşdur. Müsabiqələrdən biri “İstedad sənsən” adlanır. Burada Bakı şəhər məktəblilərinin iştirakı ilə müxtəlif nominasiyalar (xalq mahnıları, rəqs, bədii qiraət, rəsm) üzrə müsabiqələr keçirilir. Proqrama daxil olan digər əyləncələrə “Öz xalçanı yarat” kompüter proqramı, xalça pazlı, “Qrand Bazar” masaüstü oyunu, “Xalçalarda yaşayan əfsanələr” mövzusunda tematik ekskursiyalar, uşaq yazarı Gülzar İbrahimova ilə nağıl saatı, “Cırtdanın nağılı” adlı kilimarası tamaşası da aiddir.“HUMEL” psixologiya mərkəzi ilə birlikdə “Ailə gerbini yarat”, Azərbaycan cizgi filmlərinin nümayişi, “Özün rənglə”, “Rəngli kağızlardan oyuncaqlar düzəlt”, həmçinin “Tilda” kuklası və digər bir-birindən maraqlı proqramlar təqdim olunub.







Tədbirdə məhşur memar Elçin Əliyevlə görüş keçirildi. Görüşdən sonra “Azərbaycan memarlığı” rəsm müsabiqəsi təşkil olundu və ən yaxşı rəssamlar mükafatlandırıldı.
Qeyd edək ki, “Ailə günü” hər ayın son şənbəsi – “Açıq qapı” günü təşkil olunur. Bu tədbir Azərbaycan Xalça Muzeyinin təhsil sahəsində təşkil etdiyi layihələrindən biridir.

Diaspora