Xalça Muzeyində təşkil olunan zərgərlik sərgisi ziyarətçilərdə xoş təəssürat oyadıb- FOTOLAR

Xalça Muzeyində təşkil olunan zərgərlik sərgisi ziyarətçilərdə xoş təəssürat oyadıb- FOTOLAR backend

Xalça Muzeyində təşkil olunan zərgərlik sərgisi ziyarətçilərdə xoş təəssürat oyadıb. Bu barədə QAZİELR.AZ-a Azərbaycan Xalça Muzeyindən xəbər verilib. Azərbaycan Xalça Muzeyində İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) dəstəyi ilə “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar təşkil olunub.

Açılış mərasimində İCOM Azərbaycan Milli Komitəsinin sədri, Xalça Muzeyinin direkroru Şirin Məlikova, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva, P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin direktoru Salixat Həmzətova və Gürcüstan Milli Muzeyinin kuratoru İzolda Melikişvili çıxış ediblər. Daha sonra sərgidə iştirak edən zərgərlərə sertifikatlar təqdim olunub.



Burada Azərbaycan, Gürcüstan və Dağıstan zərgərlərinin əl işləri nümayiş olunub. Sərgidə ölkəmizi zərgərlərdən Mehriban Sadıqova, Eduard Şamarayev, Vüqar Xudaverdiyev, Elçin Kərimov, İslam Həzrətov, Samir Misirov, Şahin Əlipənahov, Cəmaləddin Əyyubov, Füzuli Seyidzadə, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi və “Rəsm” zərgərlik brendi təmsil ediblər. Azərbaycan zərgərlik məmulatları həm ənənəvi texnika, həm də müasir dizayn üslubları ilə hazırlanıb.



Gürcüstanın ənənəvi zərgərlik sənəti gümüş üzərində minasazlıq texnikasında hazırlanmış əsərlərdə öz əksini tapmışdır.



Dağıstan ənənəvi zərgərlik sənəti Rabadan Kişevin böyük məharətlə hazırladığı nümunələrlə təmsil olunur.



Sərgidə nümayiş olunan əsərlərdə zərgərlik sənətinin bütün texnikaları ilə, o cümlədən, minasazlıq, qarasavad, cızma, həkketmə və digərləri ilə yaxından tanış olmaq mümkündür.



Qeyd edək ki, regional seminar çərçivəsində təşkil olunan zərgərlik sərgisi 27 yanvar tarixinədək nümayiş olunacaq.

Diaspora