Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə 28 yanvar tarixində, saat 11:00-dan 19:00-dək muzeyin “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir keçıriləcək. Bu barədə QAZİLER.AZ-a Azərbaycan Xalça Muzeyindən məlumat verilib.
Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyət və incəsənətini tanıtmaqdır.Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaq. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaqlar.
İştirakçılara tədbirdə “İstedad sənsən” − Bakı şəhər məktəblilərinin iştirakı ilə müxtəlif nominasiyalar (xalq mahnıları, rəqs, bədii qiraət, rəsm) üzrə müsabiqə,“öz xalçanı yarat” kompüter proqramı, xalça pazlını yığ, Qrand Bazar (masaüstü oyun), “xalçalarda yaşayan əfsanələr” mövzusunda tematik ekskursiyalar, nağıl saatı − uşaq yazarı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət, kukla teatrı “Cırtdanın nağılı” adlı tamaşa nümayiş olunacaq.
Həmçinin HUMEL Psixologiya Mərkəzi ilə birlikdə ailə gerbini yarat – psixokorreksiya metodikası olaraq ailədaxili münasibətlərin möhkəmləndirilməsi, valideyn-övlad, qadın-kişi münasibətlərinin yaxşılaşdırılması, Azərbaycan cizgi filmlərini izlə, özün rənglə, rəngli kağızlardan oyuncaqlar düzəlt həmçinin dekorativ əl işləri hazırla – burada iştirakçılar dekorativ çantalar , yumşaq oyuncaqlar və digər aksesuarlar hazırlayacaq, gülməli papaqlar hazırla, dekorativ bəzək əşyaları hazırla – burada iştirakçılar saç aksesuarları və breloklar düzəldəcəklər, Tilda” kuklasını yarat − sehrli açıqca hazırla və digər bir-birindən maraqlı proqramlar təqdim olunacaq.
Məhşur memar Elçin Əliyevlə görüş, müsabiqədə iştirak et və hədiyyə qazan – görüş zamanı Elçin müəllim uşaqlara Abşeron memarlığının tarixindən danışacaq. Sonra uşaqlar Bakı-Abşeron abidələrindən birini çəkmək imkanı olacaq və Elçin müəllim tərəfindən seçilən ən yaxşı 5 rəsm əsərinin müəllifləri mükafatlanacaq.