“Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı” adlı məqalə-ideya müsabiqəsi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasında böyük əhəmiyyətə malik olan Bakı Prosesi, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi tədqiqi və təşviqi, habelə respublikamızın elmi ictimaiyyətinin sözügedən sahəyə diqqətinin artırılması, mədəniyyətlərarası dialoq və multikulturalizm kimi sosial-siyasi məfhumların respublikamızda aparılan elmi araşdırmaların əsas tədqiqat predmetlərindən birinə çevrilməsi və sahənin inkişafına xidmət edə biləcək ekspert rəylərinin toplanması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi "Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı" adlı məqalə-ideya müsabiqəsini keçirir.Qaziler.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən bildirir ki, təqdim ediləcək məqalələr Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev tərəfindən rəhbərlik edilən və ölkəmizin bir sıra aparıcı elmi və ali təhsil müəssisələrinin rəhbərlərinin üzv olduğu komissiya tərəfindən qiymətləndiriləcəkdir.
Müsabiqəyə təqdim olunacaq məqalələr aşağıdakı meyarlara cavab verməlidir:
- Məqalələr analitik xarakterli olmalı və mədəniyyətlərarası dialoq məfhumda mövcud sosial-siyasi və mədəni dəyərlər sisteminin təşviq olunmasına xidmət etməlidir;
- Məqalələr dünyada cərəyan edən siyasi proseslər və mövcud qlobal tendensiyalar kontekstində mədəniyyətlərarası dialoq məfhumunun aktuallığının aşılanmasına xidmət etməlidir;
- Məqalələrdə Azərbaycan hökumətinin dünyada mədəniyyətlərarası dialoq və multikulturalizm kimi sosial-siyasi və mədəni dəyərlərin təbliğində oynadığı rol təhlil olunmalıdır;
- Məqalənin həcmi 3 min sözdən az olmamalıdır;
- İstifadə olunan ədəbiyyat siyahısı göstərilməlidir;
- Məqalədə sözügedən siyasi dəyərlərin təbliği və təşviqi ilə əlaqədar təklif öz əksini tapmalıdır (məqalənin qiymətləndirilməsi zamanı ideyanın məzmununa və onun reallaşma mexanizminin açıqlanması səviyyəsinə xüsusi diqqət ayrılacaqdır);
- Kollektiv yazılarda mütləq olaraq təklif (ideya) və onun reallaşdırma mexanizmləri öz əksini tapmalıdır;
- Müsabiqə 3 kateqoriyalı iştirakçılar arasında keçirilir: alimlər arasında, tələbələr arasında və kollektiv araşdırmalar.
- Məqalələrin son təqdim etmə müddəti 10 may 2015-ci il.
Müsabiqə qalibləri aşağıdakı kimi mükafatlandırılacaqdır:
1-ci yer 3 nəfər (3 kateqoriya üzrə) - 1500 (bir min beş yüz) manat;
2-ci yer 3 nəfər (3 kateqoriya üzrə) - 1000 (bir min) manat;
3-cü yer 3 nəfər (3 kateqoriya üzrə) 500 (beş yüz) manat;
5 nəfər üçün həvəsləndirici mükafatlar 300 (üç yüz) manat.
Materiallar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır. Müsabiqə ilə əlaqədar əlavə məlumatlar 493-42-94 telefon nömrəsi və ya [email protected] elektron ünvanı vasitəsilə əldə oluna bilər.