Ermənicə mahnı oxuyan türk müğənniyə etiraz: “Şəhid analarından utanmadın?

Ermənicə mahnı oxuyan türk müğənniyə etiraz: “Şəhid analarından utanmadın? backend

Türkiyənin tanınmış müğənnisi Özcan Dənizin erməni dilində mahnısı ifa etməsi Azərbaycanda birmənalı qarşılanmayıb.

Musavat.com xəbər verir ki, oktyabr ayında proqramların birində qonaq olan ifaçının erməni əsilli aşıq Sayat Novaya məxsus olduğu iddia edilən "Kamança" adlı mahnını ifa etməsinə sənət adamları sosial şəbəkədə öz etirazını bildiriblər. Onlar eyni zamanda "Kamança"-nın musiqisinin azərbaycanlı bəstəkar Emin Sabitoğlunun "Dağlar" mahnısından oğurlandığını qeyd ediblər:

Müğənni Zemfira İbrahimova müğənniyə "İnstagram" səhifəsində belə səslənib: "Özcan Dəniz, sən Azərbaycana gəlib bizim pulumuzu alıb, gedib erməni mahnısı oxuyursan. Günah səndə deyil, səni bura gətirənlərdədir. Azərbaycan bu qədər şəhid verib, qızlarımız, gəlinlərimiz itkin düşüb, onların ahı səni tutsun. Şəhid verən analarımızdan heç utanmadın? Sənə nifrət etdim. Azərbaycanlıların artıq gözündən düşdün".

Türkiyədə fəaliyyət göstərən model Könül Əzizova "Kamança"-nın musiqisinin azərbaycanlı bəstəkara məxsus olduğunu deyib: "Özcan Dəniz mən Azərbaycan türküyəm. "Erməni türküsü" deyə tanıdığınız mahnı Azərbaycanın hörmətli bəstəkarı Emin Sabitoğluya məxsusdur. Bilmənizi istədim".

Bəstəkar Cəlal Qurbanov insanları Azərbaycan musiqisinin təbliğinə səsləyib: "Bu gün sosial şəbəkədə qardaş türk xalqının iki simasının dialoqunu və ifasını izləyib çox məyus oldum. Ölkəmizdə çox sevilən Özcan Dənizə Sirri Süreyya adlı aparıcının "sanki, sən erməni türküsü söyləyəcəkdin" deməsi ilə müğənni Emin Sabitoğlunun bəstəsi olan "Bizim dağlar" mahnısını erməni türküsü kimi təqdim etməsi və ifası məni çox hiddətləndirdi. Mən onların həddən artıq böyük səhvə yol verdiklərini bildirir və bunu sadəcə olaraq cahillik kimi dəyərləndirirəm. Yəqin Özcan Dənizin ermənilərin törətdiyi soyqırımlardan, vəhşiliklərdən xəbəri yoxdur. Əgər olsaydı, o belə addım atmazdı.

Gəlin, öz mahnılarımızı elə təbliğ edək ki, kimlərsə musiqimizi öz adlarına çıxmasınlar. Öz sənətçilərimizin qədrini bilək".

Prodüser Tarix Əliyev Özcan Dənizin ölkəyə buraxılmamasını təklif edib: "Ay bədbəxtin qızları, baxın. Özcan Bakıya gələndə az qalırsınız ayağına düşəsiniz. Görün, ermənicə necə oxuyur, elə bil öz ana dilidir? Bunları Bakıya gətirib, filmini nümayiş etdirənlərin gərək başına it oyunu açalar. Görək bunun filmini kim kinoteatrlarda yayımlayacaq. Bu türk müğənnilərinə artıq inanmıram, pula görə özlərini də satarlar. Özcan heç utanmadın? Azərbaycana gəlib qazandığın pullardan utandınmı?"

Rejissor Kənan M.M də Ö. Dənizi tənqid edənlər sırasına qoşulub: "Hər bir türk əsgəri şəhid olanda param-parça oluruq. Özcan Dəniz, millətim, fanat ordusu oyan. Kimə qucaq açdığımıza baxaq. Türk əsgəri erməni ilə savaşsın, ermənilər türk bayrağını yandırsın, biz acınıza acımız deyək.

Azərbaycandan filmlərinlə pul qazan və bizim balalarımızı, analarımızı şəhid edənlərin mahnısı oxu. Səni Azərbaycana buraxan sənin kimi olsun. Bir türk əsla ermənicə mahnı oxumaz".

Qeyd edək ki, Sayat Nova erməni, gürcü və əsasən Azərbaycan dillərində şerlər yazan erməni şairi və ozanı olub. Azərbaycanda Səyyad Nova kimi tanınan şairin günümüzə gəlib çatmış əsərlərin yarısından çoxu Azərbaycan dilindədir. Bunun əsas səbəbi isə XVIII və XIX əsrdə Qafqazda yaşayan ozanlar və şairlər üçün Azərbaycan dilinin imkanlarının digər dillərin imkanlarına nisbətən daha geniş olması idi. Ozanlar bayatı və qoşmalarını hər zaman Azərbaycan dilində yazırdılar. Gürcü dili əsasən hərbi və diplomatik yazışmalarda istifadə edilirdi.

Poetik yaradıcılığa Azərbaycan dilində qoşduğu mahnılarla başlayan Sayat Novanın irsi iki dəftərdə toplanmış toplam 209 şeirdən ibarətdir ki, bunlardan 115-i Azərbaycan, 60-ı erməni və 34-ü gürcü dilindədir. Aşığın bir neçə fars və ərəb dillərində də əsərləri mövcüddur. Lakin maraqlı olan budur ki, 1760-cı ildə Sayat Novanın öz əli ilə ayrıca bir dəftərə köçürüb saxladığı mahnılardan 114-ü Azərbaycan dilindədir. İkinci dəftər isə, 1823-cü ildə gürcü şahzadəsi Teymurazın tapşırığı ilə şairin oğlu Ohan tərəfindən tərtib edilib. Bu dəftərdə də bir neçə mahnı gürcü əlifbası ilə Azərbaycan dilində qeyd edilib.
Diaspora