Parisdə “L’Entrepôt” kinoteatrında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı nümayəndəliyinin təşkilatçılığı ilə “Europe by Europe Film Festival”ın 10 illiyi çərçivəsində Azərbaycan kinosuna həsr olunmuş kino gecəsi keçirilib.
TEAS-dan Trend-ə verilən məlumata görə, kinosevərlər dörd qısametrajlı filmlə tanış olublar. Tomas Qoltsun “Ofsayd”, Teymur Hacıyevin “Yara”, Sergey Pikalovun “Sonuncu”, Elmar İmanov və Engin Kundağın “Torn” filmləri parisli kinosevərlər tərəfindən maraqla qarşılanıb. Tamaşaçılar arasında Macarıstan və İspaniya kinorejissorları da olub. Sözügedən azərbaycanlı rejissorların qısametraşlı filmləri festival üçün seçilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən festivalın direktoru İrena Biliç artıq dörd il ərzində ardıcıl olaraq Azərbaycan filmlərinin təqdimatını keçirməkdən öz məmnunluğunu bildirib: “İlk növbədə, bu əməkdaşlıq bizə Azərbaycan kimi ölkəni kinematoqrafiya vasitəsilə kəşf etməyə imkan verir. Əməkdaşlıq etdiyimiz dörd il ərzində səkkiz film təqdim etmişik. Onlardan dördü ilə bu gecə tanış olacaqsınız. Bu dövr ərzində Azərbaycanın kino sənayesinin dirçəlişinin şahidi oldum və burada yeni yaranan sənətkarlar nəslinin yaradıcılığını misal kimi göstərmək istərdim”.
Bu il festival üçün seçilmiş filmlər Azərbaycan cəmiyyətinin müxtəlif tərəflərindən bəhs edir. “Ofsayd” filmi Qarabağın Ağdam futbol komandasından danışır ki, o, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz oyunlarını işğal altında olan şəhərindən kənarda keçirmək məcburiyyətində qalıb. “Yara” filmi Azərbaycanın Sovet hakimiyyəti illərində yaşamış yaşlı nəsli və qərb həyat tərzinə keçidi başa vurmuş gənc nəsli arasında olan boşluğu nümayiş etdirir. “Sonuncu” adlı film isə nəsillər arasında mövcud olan boşluğu daha çox bədii formada göstərməyə çalışıb.
Sonuncu “Torn” filmində bir ailənin həyatından bəhs edilir. Bu sosial mövzu gənc istedadlı aktyor Mir-Mövsüm Mirzəzadə tərəfindən bacarıqla interpretasiya edilib.
Xatırladaq ki, “Torn” və “Sonuncu” filmləri ötən il Kann Film Festivalında qısametrajlı film kateqoriyasında rəsmi olaraq seçilib.
Nümayişdən sonra auditoriya və rejissorlar – E.İmanov, T.Hacıyev və E.Kundağ arasında debatlar aparılıb. Sənətkarlar filmlərini necə ərsəyə gətirdiklərini, məkan və aktyor seçimi, Azərbaycanda kino sənayesinin hazırkı vəziyyəti və gələcək planları barədə sualları cavablandırıblar.