Bakı Dovlət Universitetində (BDU) Yaponiya Mədəniyyət festivalı keçirilib. BDU-nun mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, festivalı BDU rektorunun müşaviri, professor İsmayıl Əliyev açaraq tədbir iştirakçılarına uğurlar arzulayıb.
Festivalda UniPock`s və Atarashi Hoshi yapon qruplarının, eyni zamanda yapon dilinin də tədris olunduğu 225 saylı məktəbin şagirdlərinin ifasında mahnılar səsləndirilib. Sonra yapon nagıllarının əsasında hazırlanmış tamaşa təqdim olunub.Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq və yapon mədəniyyəti haqqında daha da ətraflı informasiya çatdırmaq məqsədi daşıyan festivalın ikinci hissəsində oriqami, suşi, çay mərasimi, yapon yeməkləri, kimono və ikebana təqdim olunub.
İkebana və oriqami üçün ayrılan xüsusi otaqlarda güllərin və oriqaminin sərgisi də keçirilib. Çay mərasimi və yapon yeməkləri üçün ayrılan otaqlarda isə qonaqlar ənənəvi yapon çay və yeməklərindən dadıblar. Yaponiyanın abu-havasını daha da yaxından hiss etmək üçün qonaqlar Yaponiyanın ənənəvi kimono və yukata geyimlərini geyiniblər.
Festivalda Yaponiyanın paytaxtı Tokyoda çox məhşur olan “Cosplay mədəniyyəti” də təqdim edilib. Tədbirdə Yaponiya səfiriyinin, Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.