Son illər Belçika mediasının gündəməni məşğul edən Belçikanın komediya aktyoru Erhan Demirçi artıq Avropada məşhurlaşmaqdadır. Ola bilər ki, Erhan Dəmirçinin adı Azərbaycan oxucusuna o qədər də tanış gəlməyə. Belçika və Niderlandda Erhan Demirçi sevilir və bütün şou proqramlarının reklam çarxlarının qonağı olur. Biz bunu Belçika mediasının Erhan Demirçiyə olan münasibətindən görürük. Daim yerli media ona diqqət ayırır.
Əslində, hər bir türkün Avropa və ya başqa qitədə uğurları bizi sevindirir. Xüsusilə, Erhan Demirçinin əslən Azərbaycan türkü olması ona olan diqqətimizi daha da artırdı. Atası məşhur diasporçu Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Demirçidir. Ayhan Demirçi Belçikada və Avropada erməni diasporuna qarşı ciddi mübarizə aparan şəxslərdən sayılır. Ayhan Demirçinin Avropada Azərbaycan diasporunun formalaşmasında əməyi böyük olub. Bu gün oğlu da Belçikada aktyor olaraq Azərbaycanı təmsil edir.Erhan Demirçi kimdir?
Qeyd edək ki, Erhan Demirçinin ailəsi 1980-ci ildə Belçikaya köçüb. Atası əvvəlcə mədəndə çalışıb. Ancaq aktyorun babaları İrəvana yaxın Dəmirçi kəndindəndirlər. Əsrin əvvəllərində ermənilərin türklərə qarşı soyqırım siyasəti nəticəsində Türkiyənin İğdır bölgəsinə köçməyə məcbur olublar.
Erhan Demirçi 1983-cü ilin 14 yanvar tarixində anadan olub. Ailədə üç uşaqdırlar. Evin böyüyü aktyordur. Lisey və kollecdə oxuyan aktyor üniversiteti Brusseldə davam etdirib. İqtisadi və ictimai əlaqələr üzrə iki universiteti bitirib. Brüssel və Gent şəhərlərində təhsil aldıqdan sonra 8 ay Amerikanın Nyu-York şəhərində magistr təhsili alib.
İlk iş yeri Belçikanın “Thomas Cook” təyyarə şirkəti olub. Daha sonra HB kompüter mərkəzi və Toyot şirkətində menecer olaraq çalışıb.
İlk vaxtlar atasından aktyorluğu gizlətməsi onun məşhurluğuna yola açdı. Aktyorluğa öncə hobbi kimi yanaşıb. Və bu da məktəb illərindən başlayır. Ancaq ilk vaxtlar bunu atasından gizlədib. Buna baxmayaraq, əzmlə çalışıb. Məktəb illərində və ondan sonra komediya obrazları yaradıb, ssenari yazıb və televiziya proqramçısı, radiolarda aparacılıq edib. Məhz bunlara görə çalışdığı şirkətdən ayrılmağa məcbur olur. Belçikanın nüfuzlu sənət adamları ilə birgə çalışmağa başlayıb. Əvvəllər həvəskar olaraq başladığı sənət yolu bu gün onu Belçikanın peşəkar aktyor səviyyəsinə gətirib çıxarıb.
Bu barədə bizimlə söhbət edən E.Demirçi Azərbaycan türkü olmağı ilə qürur duyduğunu bildirdi: “Bir Azərbaycan türkü olaraq ailəmlə, keçmişimlə və millətimlə qürur duyuram. Belçikada doğulmağıma baxmayaraq, həm Türkiyəni, həm də Azərbaycanı çox yaxından izləyirəm. Atamın çox gözəl sözü var: “Hara gedirsənsə get, nə uğur qazanırsan qazan, heç bir zaman gəldiyin yeri unutma”. Bu üzdən Azərbaycanı hər zaman yanımda daşıyıram və ölkəmizin güclənməsini sevinərək izləyirəm. Belçikada yaşasam da, bu ölkəni nə qədər sevsəm də, yenə də nə mütlü mənə ki, özümə həm türk, həm də azərbaycanlı deyə bilərəm. İki oğul atasıyam. Övladlarımı da bu ruhda böyüdürəm.
Çox təəssüflər ki, işlərimin çoxluğu səbəbi ilə ölkəmizi ziyarət etmək şansım olmadı. İnanıram ki, ən yaxın zamanda bu da olacaq. Uzaqdan da olsa vətənimi izləyirəm. Bir futbol sevdalısı olaraq bütün Azərbaycan klublarını və milli komandanı Avropadan izləyirəm. “Neftçi” və “Qəbələ”nin futbol klublarının oyunlarını Brüsseldə Anderlextə qarşı oyunlarını tribunadan canlı izləmişəm. “Qalatasaray”dan sonra sevdiyim iki komandadır. Türkiyəmi və can Azərbaycanımı doğulduğum Belçikada təmsil edə bilmək mənə qürur verir. Bütün xalqımıza salamlarımı çatdırıram.
Elnur Eltürk