Azərbaycan İstiqlal Muzeyindən QAZİLER.AZ-a verilən məlumata görə, 2016-cı il dekabrın 14-də saat 1500-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “21 Azər” hərəkatının süqutundan sonra Azərbaycana mühacir etmiş Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökumə Billuri və s. şair və yazıçıların yubileyləri ilə əlaqədar onların şəxsi əşyalarından ibarət sərgi keçiriləcək.
12 Dekabr 1945-ci il Azərbaycan azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılıb. Həmin gün Güney Azərbaycan Milli Hökümətin yaranmasının ildönümüdür. Seyid Cəfər Pişəvərinin başçılığı ilə bu Höküməti Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının təbii yekunu kimi də qiymətləndirmək olar.Azərbaycan Milli Höküməti xalqın böyük dəstəyilə Təbriz Dövlət Universitetinin və çoxlu sayda orta məktəblərin açılması, Milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi və s. mühüm işləri həyata keçirmişdi.
Azərbaycan İstiqlal Muzeyində təşkil olunmuş sərgidə 21 Azər hərəkatının fəalları olan Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökumə Billuri və s. şair və yazıçıların, həmçinin Dünya Azərbaycanlıları Yazarlar Qurumunun təsisçisi və rəhbəri, Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz tərəfindən muzeyə təqdim olunan yeni sənədlər və fotolar nümayiş olunacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin, Dünya Azərbaycanlıları Yazarlar Qurumunun təsisçisi və rəhbəri, Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruzun, şair Söhrab Tahirin qızı Nəsibə Tahirin, ədəbiyyatşünas-tərcüməçi Məsumə Şükürzadənin çıxışları nəzərdə tutulub və muğam ifaçılarının ifasında həmin şairlərin şeirlərinin sözlərinə musiqilər səslənəcək.
Tədbirdə Milli Qvardiyanın əsgərləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri və digər qonaqlar iştirak edəcəklər.