Aprelin 14-ü saat 15:00-da Milli İncəsənət Muzeyində xalq rəssamı Kazım Kazımzadənin 100 illik yubileyinə həsr olunmuş fərdi sərgi və xatirə günü keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, sərgidən öncə Azərbaycanın görkəmli rəssam və tanınmış incəsənət xadimlərinin iştirakı ilə Kazım Kazımzadə yaradıcılığına həsr olunmuş dəyirmi masa, həmçinin, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın “Kazım Kazımzadə” adlı kitabının təqdimat mərasimi təşkil olunacaq.
Həmçinin, sərgidə rəssamın 46 sayda qrafik əsəri nümayiş ediləcək. Müharibə mövzusuna həsr etdiyi “Darmadağın edilmiş faşist tankı”, “İstirahət zamanı” “Anadan məktub”, “Bizim uşaqlar” silsiləsindən – “Mən sizə qulaq asıram”, “Rəsm çəkəcəyəm”, “Çıxış ərəfəsində”, kimi əsərlərlə yanaşı, “A.A.Bakıxanov”un, “Şair Əli Fəzli”nin, “Əbdülqasım Hüseynzadə”nin portretləri, Nizami, Məshəti Gəncəvi, Q.Şirvani, Q.Təbrizi, Xətai və Hafiz, yaradıcılığına çəklimiş ilüstrasiyaları sərgilənir.Qeyd edək ki, Kazım Məmmədəli oğlu Kazımzadə 1913-cü ildə Bakıda anadan olub. Kazımzadə elə məktəb illərində təsviri sənətə maraq göstərir və onun rəssam kimi püxtələşməsində əsas rollardan birini müəllimi, görkəmli qrafik rəssam, Molla Nəsrəddinçi Əmir Hacıyev oynayır. O, 1932-1936-cı illərdə Bakı Rəssamlıq Texnikumunun Qrafika şöbəsində təhsil alıb, 1961-ci ildə İ.Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitunun Sənətşünaslıq fakültəsini bitirib.
Kazımzadə əsasən, təsviri sənətin dəzgah və kitab qrafikası sahəsində fəaliyyət göstərib. 1940-ci illərdə Kazımzadə Böyük Vətən müharibəsində iştirak edir, bu mövzuya həsr etdiyi “Müharibə yolları ilə” silsiləsini yaradır, görkəmli fırça ustaları Ə. Əzimzadə, Ə. Hacıyev, S. Salamzadə, S. Şərifzadə, İ. Axundov, M. Rəhmanzadə ilə birgə “Cəbhəyə isti geyim”, “Qafqaz xalqlarının dostluğu” kimi silsilələrin yaranmasında yaxından iştirak edir.
1942-1992-ci illərdə rəssam, indiki Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsində çalışıb, Azərbaycan incəsənətinin təbliğində əvəzsiz rol oynayıb. Təsviri sənət sahəsindəki yaradıcılıq uğurlarına görə Azərbaycan SSR Əməkdar incəsənət xadimi və Azərbaycan SSR Xalq rəssamı fəxri adlarına layiq görülən Kazım Kazımzadə, 1950-ci ildə Stalin mükafatı və eyni zamanda, SSRİ Dövlət mükafatı ilə təltif olunub. Kazım Kazımzadə 1992-ci ildə dünyasını dəyişib.