Rusiya paytaxtında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyasının təqdimat mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresi, Rusiya Azərbaycanlı Gənclər Birliyi və Məhəmməd Əmin Rəsulzadə Məclisinin təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, diaspor üzvləri, Rusiya və Azərbaycandan ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə M. Ə. Rəsulzadə Cəmiyyətinin sədri Füzuli Fərəcov Azərbaycan diasporunun aktiv nümayəndələrini Cəmiyyətin fəxri diplomları ilə təltif edib.Mərasimdə çıxış edən Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyasının müəllifi, tarixçi Nəsiman Yaqublu ensiklopediyanın Azərbaycan dilində artıq nəşr olunduğunu bildirib: "Bu ilin fevral ayında isə Türkiyədə türk dilində nəşr olunacaq".
Ensiklopediyanın nəşrinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirən N. Yaqublu Azərbaycan prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin qeyd edilməsi bağlı verdiyi sərəncamın vacibliyini xüsusi ilə qeyd edib: "Bu əsəri ona görə ensiklopediya adlandırdıq ki, müasir gənclər oxumaqdan daha çox görməyə üstünlük verirlər. Ona görə də biz kitabda 675 fotomaterial və arxiv sənədi çap etmişik. Bu materiallar mənim dünyanın müxtəlif ölkələrində 25 illik tədqiqatımın nəticəsində toplanıb. Bunların içərisində mənim şəxsi sərəncamımda olan 500-ə yaxın orijinal sənəd də var. Ensiklopediyada Rəsulzadənin pasportu da çap edilib”.
N. Yaqublu Rəsulzadənin həyatı boyu 27 kitab, 1774 məqalə, 9 şeir yazdığını qeyd edib: “Bunları o, Azərbaycan, Türkiyə, Fransa və Almaniyada yazıb. Azərbaycan milli hərəkatının baş ideoloqu olan Rəsulzadə çoxlu sayda xarici dil bilib. Onun rus dili də mükəmməl olub. Rəsulzadə 15 ədəbi tərcüməni nəşr edib. Bunların içərisində rus ədəbiyyatının klassikləri olan Tolstoy, Lermontov, Dostoyevski, Krılov və digərlərinin əsərləri olub”.
Ümumrusiya Azərbaycan Konqresinin müşaviri Manaf Ağayev çıxışında M. Ə. Rəsulzadənin Rusiya ilə münasibətlərə böyük önəm verdiyini bildirib: "Rəsulzadənin dediyi kimi, bizim Rusiyadan ayrılmağımız düşmən addımı deyil. Biz Rusiyanı sevirik, lakin öz müstəqilliyimizi də sevirik. AXC-nin görkəmi xadimləri Rusiya ilə sıx bağlı olub. Əlimərdan bəy Topçubaşov Sankt-Peterburq Universitetinin məzunu, Fətəli Xan Xoyski isə Dövlət Dumasının deputatı olub”.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev M. Ə. Rəsulzadə Ensiklopediyasının məhz rus dilində nəşr olunmasının vacibliyini vurğulayıb.
Filologiya elmləri namizədi Anar Həsənov çıxışında məhz M. Ə. Rəsulzadənin coğrafi anlayış kimi qəbul edilən "Azərbaycan" ərazisində eyni adlı dövlətin əsasını qoyduğunu bildirib: "Zəngəzur və Qarabağ torpaqlarını 1918-ci ildə Versal sülh konfransında “de-yure” tanıtdıran məhz M.Ə.Rəsulzadə və onun silahdaşları olub".
M. Ə. Rəsulzadə Ensiklopediyası haqqında ÜAK icraçı direktoru İlqar Hacıyev, tarix elmləri doktoru Əşrəf Hüseynli, rusiyalı tanınmış tarixçi Rudolf İvanov, Moskvadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva və digərləri də fikirlərini bölüşüblər.