Vaxtilə hamının sevimli məkanı olan, lakin bir müddət əvvəl öz fəaliyyətini dayandırmış “Azərbaycan” kinoteatrı yenidən qapılarını tamaşaçıların üzünə açır. Aile.lent.az-ın məlumatına görə, bütünlüklə yenilənmiş kinoteatr Məmməd Əmin Rəsulzadə küçəsində yerləşir, giriş isə elə köhnə zamanda olduğu kimi Əbdülkərim Əlizadə küçəsindəndir. Kinoteatr artıq “CinemaPlus” kinoteatrlar şəbəkəsinə aiddir.
Dünya stardartlarına cavab verən kinoteatr 2 mərtəbədən ibarətdir. 3 zal və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolarla təchiz olunub. Xüsusi zövqlə layihələndirilmiş VIP zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləmək və VIP-bar xidmətlərindən istifadə edə bilərlər.
Bundan əlavə kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb. Onların köməyi ilə həm VİP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həm də fiziki qüsurlu insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər. Həmçinin əlil arabalı üçün zallarda xüsusi yerlər quraşdırılıb.