Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Sadıqcanın (Mirzə Sadıq) anadan olmasının 170 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Qaziler.az-ın məlumatına görə, AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov çıxış edərək görkəmli tarzənin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən danışıb.
Bildirilib ki, Sadıqcan 1846-cı ildə Şuşa şəhərində anadan olub. Bütün şuşalılar kimi o da kiçik yaşlarından öz gücünü xalq mahnılarının və muğamlarımızın ifası sahəsində sınayır. Onun ilk müəllimi Şərq musiqisinin mahir bilicisi kimi tanınan Xarrat Qulu olub. Sadıqcan həm də şuşalı tarzən Mirzə Əli Əsgərin rəhbərliyi altında tarın bütün incəliklərinə yiyələnib.
Sənətin sirlərini ustadlarından tam əxz edən sənətkar ilk dəfə tarda simlərin sayını artıraraq 5-dən 11-ə çatdırıb. Onun təkmilləşdirdiyi tar Qafqazda və Orta Asiyada geniş yayılaraq Azərbaycanın musiqi rəmzinə çevrilib.
Vurğulanıb ki, 1901-ci ildə Şuşada təşkil olunmuş Birinci Şərq konsertində ilk dəfə tarda “Mahur” muğamını tək solo ifa etməsi ona və sənətinə olduqca böyük şöhrət gətirib.
Sadıqcanın həm də istedadlı bir bəstəkar olduğunu qeyd edən natiq deyib ki, o, “Orta segah” və “Bayatı Şiraz” muğamlarına bir neçə rəng bəstələyib.
Onun Azərbaycan musiqisinin inkişaf tarixindəki rolunun əvəzedilməzliyindan söz açan S. Fərəcov deyib ki, görkəmli tarzən 1902-ci ildə doğulduğu Şuşa şəhərində dünyasını dəyişib.
Tədbir AzTV-nin “Xatirə” xalq çalğı alətləri orkestrinin müşayiəti ilə respublikanın tanınmış ifaçılarının konsert proqramı ilə davam edib.
Konsertdə xalq və bəstəkar mahnıları, o cümlədən muğamlarımız səsləndirilib.