Fransanın Mejev şəhərində Azərbaycan mədəniyyət günlərinin açılışı olub

Fransanın Mejev şəhərində Azərbaycan mədəniyyət günlərinin açılışı olub backend

Qaziler.az saytı “Azərtac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə həyata keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində yanvarın 17-də Savua regionunun Mejev şəhərində Azərbaycan mədəniyyət günlərinin təntənəli açılışı olub.

Tədbiri açan şəhərin meri, xanım Kristin Jülyən-Breş Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın qədim sivilizasiya məkanı kimi artıq dünyada tanındığını, yalnız mədəniyyəti ilə deyil, yeraltı sərvətləri ilə də zəngin olduğunu, Şərqi Avropanın, Asiyanın və Yaxın Şərqin qovşağında yerləşdiyini diqqətə çatdırıb.

Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyini xatırladan mer Azərbaycanın Fransa ilə müxtəlif sahələrdə əlaqələrini genişləndirdiyini xüsusi vurğulayıb.

Fransanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olmasını diqqətə çatdıran Kristin Jülyən-Breş ikitərəfli əməkdaşlığın inkişaf etdiyini, prezident İlham Əliyevin bu ölkədə dəfələrlə səfərdə olduğunu, sabiq prezident Nikolya Sarkozinin və hazırkı dövlət başçısı Fransua Ollandın Azərbaycana səfər etdiklərini bildirib.

Hər iki ölkədə çoxlu sayda dostluq qruplarının təşkilinin fransız xalqı ilə Azərbaycan xalqının bir-birini tanımaqda müstəsna rol oynadığını qeyd edən mer Qusar rayonu ilə Mejev şəhəri arasında dostluq xartiyasının imzalanmasının bunun bariz nümunəsi olduğunu vurğulayıb. O, Mejevlə Qusarın dağlıq ərazidə yerləşməsinin dostluq əlaqələrinin yaranmasında başlıca amil kimi dəyərləndirib.

Azərbaycana səfəri çərçivəsində Qusar rayonu ilə yaxından tanış olduğunu diqqətə çatdıran Kristin Jülyən- Breş Şahdağın ətəyində müasir tələblərə cavab verən xizək meydançasının Avropadakılardan heç də geri qalmadığını vurğulayıb.

Mer Azərbaycanın mədəniyyət günlərinin təşkilinə görə Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin Mejev şəhəri üçün əlamətdar olduğunu deyib.

O, Azərbaycanla Fransa arasında dostluq əlaqələrinin tarixən mövcudluğunu diqqətə çatdırıb və hər iki ölkə arasında həm iqtisadi, həm də mədəni sahələrdə əlaqələrin ildən-ilə inkişaf etdiyini, bu münasibətlərin yaranmasında Azərbaycanın və Fransanın dövlət başçılarının apardıqları siyasətin böyük rol oynadığını xüsusi vurğulayıb.

Fransa Milli Assambleyasının deputatı, Azərbaycan Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel Azərbaycanın zəngin və son dərəcədə maraqlı ölkə olduğunu, iki ölkənin xalqları arasında əlaqələrin sürətlə inkişaf etdiyini, respublikamızın müstəqilliyini uğurla qoruyub saxladığını bildirib.

Hər hansı ölkəni daha yaxından tanımaq, adət-ənənələri ilə tanışlıq üçün həmin ölkədə olmağın vacibliyini diqqətə çatdıran Jan-Fransua Mansel fransızları Azərbaycana səfər etməyə, bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak etməyə çağırıb.

Azərbaycanın Fransa ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına böyük maraq göstərdiyini diqqətə çatdıran səfir Elçin Əmirbəyov prezident İlham Əliyevin 2012-ci ildə Fransaya səfərini, dövlət başçısı Fransua Olland ilə birlikdə Luvrda İslam İncəsənəti Muzeyi departamentinin təntənəli açılışında iştirak etdiklərini xatırladıb. Diplomat, həmçinin Fransa prezidentinin ötən ilin mayında Azərbaycanda səfərdə olduğunu, Parisdə vaxtaşırı Azərbaycan mədəniyyəti günləri ilə bağlı tədbirlərin keçirildiyini, ötən ilin sentyabrında paytaxtın San-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciy”nin buna nümunə olduğunu bildirib.

Ölkəmizi Fransada tanıtmaq istiqamətində mühüm işlər görən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə bu ölkənin artıq 23 şəhərində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində tədbirlərin keçirilməsindən bəhs edən E. Əmirbəyov bu səpgidə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Çıxışlardan sonra Mejev meriyasının rəsmiləri, şəhərin qonaqları əvvəlcə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən eksponatların nümayiş etdirildiyi, eləcə də Qusar rayonunun təbiəti, bu rayondan olan rəssam, Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü, əsərləri müxtəlif ölkələrin muzeylərində saxlanılan və sərgilərində nümayiş etdirilən Əliyar Əlimirzəyevin rəsm əsərlərindən ibarət və “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgilərində təqdim edilən eksponatlarla yaxından tanış olublar.

Sərgi yanvarın sonunadək davam edəcək.

Tədbirdə əməkdar artist İsfar Sarabskinin rəhbərlik etdiyi caz qrupu Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib.

Mejevdə mədəniyyət günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən orta məktəb şagirdlərinə Azərbaycan həqiqətləri barədə ətraflı məlumat verilib və onlara ölkəmizin şirniyyatları təqdim edilib
Diaspora