Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunda görkəmli filosof Zakir Məmmədovun 80 illik yubileyinə həsr olunmuş “Müstəqil Azərbaycanın 25 illiyi və elmi-fəlsəfi irsimiz” mövzusunda elmi konfrans keçirilmişdir. Bu barədə QAZİLER.AZ-a institutun mətbuat xidmətindən məlumat verilib.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunda AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun 80 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.Konfransı giriş sözü ilə açan AMEA-nın müxbir üzvü Nərgiz Axundova Zakir Məmmədovun Azərbaycan elminin və fəlsəfəsinin inkişafındakı xidmətlərindən bəhs etdi.
Daha sonra görkəmli filosofu yaxından tanıyan alimlər, dostları və tədqiqatçılar məruzələr ilə çıxış etmişlər. Tanınmış şərqşünas alim, akademik Vasim Məmmədəliyev, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynov, fəlsəfə üzrə elmlər doktoru, professor Azər Mustafayev, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimova, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov və millət vəkili Fazil Mustafa çıxış edərək alimin zəngin həyat və yaradıcılıq yolundan danışmışlar.
Alimin ailəsi adından Zakir Məmmədovun qızı, fəlsəfə dokotoru Aytək Məmmədova çıxış edərək onun bir elm xadimi, əvəzsiz insan və ata kimi xüsusiyyətlərindən bəhs etmişdir.