Xalq artisti Fuad Poladov Dövlət Akademik Milli Dram Teatrından istefa ərizəsi yazıb.
Qaziler.az bildirir ki, kulis.az-a istinadən məlumatına görə, onun ərizəsinə hələ baxılmayıb. Lakin xalq artistinin israrlı olduğu bildirilir. Buna səbəb kimi teatrda son dövrlərdə yaranmış vəziyyət və aktyor Hikmət Rəhimovun istefası göstərilir.Məsələ ilə bağlı “Azdrama”dan çıxarılan aktyor Hikmət Rəhimov da öz Facebook səhifəsində yazıb:
“Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə ordakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını bildirən Fuad Poladov. İnanın səmimiliyimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi - heç kim. Hər şeyə görə çox sağ olun”.
Akademik Milli Dram Teatrından isə Fuad Poladovun teatrdan istefa vermədiyini bildiriblər:
"Oktyabrın 28-də Fuad müəllimin rol aldığı "Müsyo İbrahim və Quran çiçəyi" tamaşası nümayiş olunacaq. Bu ay ərzində isə "Şah Qacar" tamaşasında çıxış edib".