Azərbaycan İstiqlal Muzeyindən QAZİLER.AZ-a verilən məlumata görə, oktyabrın 14-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Muzeyimiz və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsi birgə Azərbaycan Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş “Gəncliyin seçimi – müstəqillik” adlı sərgi keçirəcəkdir.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin əsərləri nümayiş olunacaq.Tədbirdə Muzeyin direktoru Fəridə Şəmsinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun, Elm və yaradıcılıq işləri üzrə prorektoru, xalq rəssamı, professor Fuad Salayevin, beynəlxalq əlaqələr üzrə prorektoru, xalq rəssamı, professor Səlhab Məmmədovun, tədris və tərbiyə işləri üzrə prorektoru, professor Azad Zeynalovun, dekorativ-tətbiqi sənət fakültəsinin dekanı, dosent İmran Kərimovun çıxışları və Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin rəqs truppasının rəqsləri nəzərdə tutulub.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.