Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iki xalq artistinin yubileyi münasibətilə yeni tamaşa hazırlanır. Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Ağaxan Salmanlının 75, Yasin Qarayevin isə anadan olmasının 70 illik yubileyinə görə hazırlanan yeni səhnə əsəri “Açarını itirənlər” adlanır.
Əhməd Orucəlinin eyniadlı komediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ağaxan Salmanlıdır. Video və kompüter qrafikası İlham Əsədova, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.Yeni səhnə əsərində əsas obrazları yubilyarlarla yanaşı, əməkdar artist Almaz Mustafayeva, aktyorlar Zemfira Əbdülsəmədova və İlham Əsədov canlandıracaqlar.
İki görkəmli sənətkarın yubileyi münasibətilə təqdim olunacaq tamaşanın premyerası bu ilin dekabr ayının əvvəllərində nümayiş etdiriləcək.