Nizami Kino Mərkəzində yeni filmlərin nümayişi başlayıb

Nizami Kino Mərkəzində yeni filmlərin nümayişi başlayıb backend

Aprelin 2-dən etibarən Nizami Kino Mərkəzində “Su axtaranlar”, “Biri varmış, biri yoxmuş ” və “Sevastopol uğrunda döyüş” filmlərinin nümayişi başlayıb.

Türkiyə rejissoru İlksen Başarırın çəkdiyi “Biri varmış, biri yokmuş” filmi romantik hekayə janrındadır.

İbtidai sinif müəlliməsi işləyən Nehir günlərin birində təsadüfən dinlədiyi mahnıdan çox təsirlənir. Mahnını çox bəyəndiyindən onun bəstəkarı Ozanı tapmağı qərara alır. Ozanı tapdıqda, onun dərin travma keçirmiş və çıxışı olmayan yolayrıcında qaldığını başa düşür. Bir tərəfin qətiyyətliyi, digər tərəfin həyat çırpıntıları içində yaranmış eşq xoşbəxt sonluqla bitəcəkmi?

Filmdə baş rolları Mert Fırat, Melisa Sözen, həmçinin Hare Sürel, Mustafa Uzunyılmaz, Judit Liberman, Onur Şirin, Anıl Altınöz ve Göktay Tosun ifa edirlər.

Növbəti, Amerika, Avstraliya və Türkiyə istehsalı olan “Son umid - Su axtaranlar” filmini Hollivud ulduzu Rassel Krou Endryu Naytın və Endryu Anastasiosun ssenarisi əsasında hərbi dram janrında çəkib.

Film bir avstraliyalının Birinci Dünya müharibəsi vaxtı şəhid olmuş oğullarının cəsədlərini axtarıb tapmaq üçün Qallipoli yarımadasına getməsindən bəhs edir. Bu insan özü də bilmədən itirdiyi ümidini heç fikirləşmədiyi yerdə tapır. Filmdəki hadisələr 1919-cu ildə baş verir.

Baş rollarda Rassel Krou, Cay Kortni, Olqa Kurilenko, İzabel Lukas, Deymon Herriman, Jaklin MakKenzi, Rayan Korr, Meqan Qeyl, Cem Yılmaz və Yılmaz Ərdogan çəkiliblər.

Hərbi dram, melodram və döyüş janrında olan “Sevastopol ugrunda döyüş” filmini Yeqor Olesovun ssenarisi əsasında rejissor Sergey Mokrovitskiy ekranlaşdırıb.

Film əfsanəvi snayperçi Lyudmila Pavliçenkonun şərəfli həyat yolundan bəhs edir. Əsgərlər onun adını qışqıraraq döyüşə gedir, düşmənlər isə ona tələ qururdular. Hərb meydanında ölüm və əzab görən qadın üçün əsl sınaq müharibənin onun əlindən ala biləcəyi sevgisi olub. Bunların öhdəsindən çəlimsiz qadın gələ bilərmi?

Rollarda Yuliya Peresild, Yevgeni Tsıqanov, Coan Blekem, Nikita Tarasov, Vilen Babiçev, İlya Prokopiv, Sergey Anaşkin, Aleksandr Polovets, Polina Paxomova və Sergey Bondarenko çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz: https://www.facebook.com/NizamiCinema?rf=hl
Diaspora