Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı ilə Atatürk mərkəzində dahi Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin gürcü, Aşıq Qurbaninin şeirlərinin rus dilində nəşrlərinin və bu kitabların tərcüməçisi, jurnalist, şairə və ictimai xadim Anna Barkutaşvilinin Azərbaycan ədəbiyyatından gürcü və rus dilinə çevirdiyi kitabların təqdimatı keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirin açılışında çıxış edən Milli Məclisin deputatı, Gürcüstanın fəxri vətəndaşı Qənirə Paşayeva bu nəşrin Azərbaycan-Gürcüstanın münasibətlərinə, mədəni əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəyini bildirib. Anna Bartkulaşvilinin Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafında gördüyü işlərdən danışan Q. Paşayeva Azərbaycanın böyük oğlu Cəlil Məmmədquluzadənin bu gün də çox aktual olan "Ölülər" əsərinin gürcücə tərcüməsinin önəmindən və digər tərcümə əsərlərinin vacibliyindən danışıb. Kitabların Gürcüstanda yayılacağını bildirən Q. Paşayeva bunun gürcü oxucularının marağına səbəb olacağına inandığını da deyib. Anna Bartkulaşvili bu tərcüməni böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin yaradıcılığı ilə tanış olmaq üçün bir fürsət olduğunu vurğulayıb.