Əli İnsanovun atasının Səməd Vurğuna yazdığı məktubu tapıldı – FOTO

Əli İnsanovun atasının Səməd Vurğuna yazdığı məktubu tapıldı – FOTO backend

Binnət İnsanov: “...müraciət edib, kömək istəyirəm” AMEA Əlyazmalar İnstitutunun Şəxsi Arxivlər Fondunda bir çox ziyalılarımızın şəxsi işləri saxlanılır. Xalq şairi Səməd Vurğuna aid qovluqda isə şairə məxsus müxtəlif sənədlər mövcuddur. Qaziler.az saytına daxil olan belə sənədlərdən biri də 1948-ci ildə Ermənistanın Noyanberyan rayonunun Ləmbəli kəndində yaşayan Binnət İnsanov tərəfindən Səməd Vurğuna yazılmış məktubdur. Qeyd edək ki, Binnət İnsanov sabiq Səhiyyə naziri Əli İnsanovun atasıdır.

“Möhtərəm Səməd!

Sizə səmimi salamlarım təbiidir. Mən Sizdən çox üzr istəyirəm, ona görə ki, indiyədək biz şəxsən tanış deyilik. Mən çox arzu edirəm ki, Sizin yanınıza gəlim, lakin işdən məni buraxmırlar.

Əziz Səməd, yəqin ki, Siz Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycana köçürülməsi haqqında çoxdan xəbərdarsınız. Bu məsələ barədə xalanız oğlu Hüseynalı Sizə məlumat verib və mən də müraciət edib, kömək istəyirəm.

Mən Ermənistanın Noyanberyan rayonunun Ləmbəli kəndində kolxoz sədri işləyirəm. İndi bizim kəndi 1948-ci ilin sonuna kimi Azərbaycana köçürürlər. Ancaq hansı ayda və hansı rayona köçürülməsi məlum deyil. Odur ki, bu məsələnin həlli haqqında mən Bakıya gələsi idim, məni buraxmadılar.

Ona görə də Sizdən bir xahiş eləmək istəyirəm. Verəcəyim zəhmətə görə məni bağışlayın.



Əzizim Səməd! Bizə kömək elə ki, köçəcəyimiz yer - rayon bizim iqlimə uyğun olsun. Məsələn: Qazağa, Ağstafaya, ya da Şəmkirə. Mənim fikrimcə bu rayonlarda bizim camaat uyğunlaşa bilər. Xahiş edirəm, bizim məsələ haqqında lazımi orqanlarla danışıb mümkün qədər kömək edəsiniz.

Məndən salam olsun Mehdixana, Yusifə, Vaqifə və bütün qohumlara. Hələlik, sağlıqla qalın.

Salamlarla Binnət İnsanov

QAZİLER.AZ
Diaspora