VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb backend

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalı avqustun 5-də uğurla başa çatıb.

Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə qərq edən Qəbələ ötən bir həftə ərzində musiqisevərləri öz ətrafına toplayaraq onlara unudulmaz anlar yaşadıb.

AZƏRTAC xəbər verir ki, festival möhtəşəmliyi ilə xarici və yerli musiqiçilərin dərin rəğbətini qazanıb. Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilib. Festivalın keçirildiyi açıq səhnədə və kamera zalında dünya şöhrətli musiqiçilərlə yanaşı, gənc ifaçılar da çıxış ediblər. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunub, pianoçuların beynəlxalq müsabiqəsi keçirilib. İyulun 30-dan avqustun 5-dək Azərbaycan, Avstriya, Bolqarıstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar tamaşaçılar qarşısında öz məharətlərini göstəriblər.

Festivalın bağlanış mərasimində Ukraynanın “Kiyev virtuozları” Simfonik Orkestrinin konserti olub. Festivalın bədii rəhbəri, “Kiyev virtouzları” Simfonik Orkestrinin musiqi rəhbəri, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçirilən konsertin solistləri - İtaliyanın “La-Scala” Akademiyasının tələbəsi Azər Rzazadə (tenor), bir neçə beynəlxalq müsabiqənin qalibi, italiyalı musiqiçi Federika Lombardi (soprano), Almaniyanın Nürnberq Opera Teatrının solisti Cavid Səmədov (bariton), bir sıra beynəlxalq festivalların iştirakçısı rusiyalı Arkadi Şilkloper (truba) olub.

Konsertdə Avropa bəstəkarlarından C.Rossini, P.Maskanyi, A.Şilkloper, R.Leonkavallo, V.A.Motsart və J.Bizenin əsərləri səsləndirilib. Festival Q.Qarayevin və C.Hacıyevin “Vətən” operasından Mərdanın ariyası və M.Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.

Tanınmış musiqiçilərin gözəl ifası tamaşaçılara unudulmaz anlar yaşadıb və alqışlarla qarşılanıb.
Diaspora