Finlandiyada şahzadə Qacarın unudulmuş məzarı aşkar edilib

Finlandiyada şahzadə Qacarın unudulmuş məzarı aşkar edilib backend

Yazıçı-tərcüməçi Tahirə Cəfərovanın “Suomi azərbaycanlıları” adlı essesində tarixi hadisələr və qlobal kataklizmlər nəticəsində müxtəlif illərdə Finlandiyada məskunlaşmalı olan azərbaycanlıların taleyindən söhbət açılır.

Tahirə Cəfərova AZƏRTAC-ın müxbirinə müsahibəsində müəllifi olduğu essedən, Finlandiya Milli Arxivindəki araşdırmaları zamanı bu ölkədə yaşayan həmvətənlərimiz haqqında öyrəndiklərindən söz açır.

Fin ədəbiyyatının tərcüməçisi olan yazıçı Azərbaycan Yazıçılar Birliyinin, Finlandiya Yazıçılar İttifaqının (SKTL), Avropa Ədəbi Tərcüməçilər İttifaqları Assosiasiyasının (CEATL), Tampere şəhəri Yazıçılar İttifaqının (“Pirkkalais kirjailijat ry”), Finlandiya Pen-klubunun üzvüdür.

Esse əslən Bakıdan olan, Azərbaycan-Finlandiya ədəbi əlaqələrinin inkişafı üçün çox işlər görmüş bu qeyri-adi xanımın şəxsi taleyi ilə də sıx bağlıdır. T.Cəfərova bu yaxınlarda “Gövhəri laməkan mənəm” adlı Azərbaycan poeziyası antologiyasının fin dilində tərcüməsini hazırlayıb. Antologiya onun səyləri ilə Helsinkidə nəşr olunub.

T.Cəfərova deyir ki, onun essesində Finlandiya Milli Arxivində aşkar edilmiş, köhnə fin mətbuatından, məsələn 1930-cu illərdə Tampere şəhərində çıxan, müsəlman əhali üçün nəzərdə tutulan “Yeni Turan” qəzeti kimi nadir mənbədən götürülmüş unikal məlumatlar təqdim olunur. Müəllif məzarını axtarıb-tapdığı və ziyarət etdiyi azərbaycanlı general-mayor Qacar haqqında tarixi dəyər kəsb edən faktlardan danışır. Esse oxucunu mühacirət həyatına Finlandiyada başlayan tanınmış siyasi xadim Məmməd Əmin Rəsulzadə ilə tanış edir. O, başqa həmvətənlərimizdən də yazır. Onlar barəsində zərrə-zərrə topladığı, fin dilindən tərcümə etdiyi məlumatlar böyük və faciəli tarixin şəhadətidir.

-Tahirə xanım, bu məlumatları necə aşkar edə bildiniz?

-Onları axtarıb tapmaq asan deyildi. Finlandiya Milli Arxivinə gəlib bu ölkədə yaşayan azərbaycanlılar haqqında materialları göstərməyi xahiş edəndə, mənə dedilər ki, onlarda belə materiallar yoxdur. Mən onları özüm axtarmağa başladım. İçərisində sənədlər olan qovluqları səbir və hövsələ ilə incələdim, kartotekaları öyrəndim, tarixçi və arxivçiləri sorğu-suala tutdum. Uzun sürən axtarışlarım hədər getmədi.

-Tahirə xanım, general-mayor Qacarın məzarının Helsinkidə olması barədə məlumat, yəqin ki, sizdə güclü təəssürat oyatdı. Zəhmət olmazsa deyin, orada adlı-sanlı Qacarlar nəslindən kim dəfn olunub?

-Məşhur Bəhmən Mirzə Qacarın nəvəsi şahzadə Əkbər Mirzə Qacar (1854-1919) çar Rusiyası ordusunun Finlandiyada yerləşən hərbi hissələrində xidmət edib, istefaya çıxıb və çox güman, Helsinkidə yaşamağa başlayıb. O, 1919-cu ildə vəfat edib. Yəqin ki, inqilabi təlatümlər 73 yaşlı generala təsirsiz ötüşməyib.

-Tahirə xanım, Əkbər Mirzə Qacarın məzarı haradadır və o məzarı görəndə hansı hissləri keçirdiniz?

-Məzar Lapinlahtidə müsəlman qəbiristanındadır. Əsasən Finlandiyada yaşayan tatarların ailə üzvlərinin dəfn olunduğu bu qəbiristan yetərincə baxımlı, təmiz və hətta gözəldir, gül-çiçək içindədir. Başdaşı yazıları ya rus, ya ərəb, ya da türk dillərindədir. Mən çox təəccübləndim ki, general-mayor Əkbər Mirzə Qacarın məzarı təqribən 100 ildir qayğı ilə qorunur. Qəbiristan işçisi kömək etməsəydi, məzarı tapa bilməzdim. O, fəxrlə dedi ki, burada iranlı şahzadə dəfn edilib və dərhal da əlavə etdi: “Rus dilində “müvəqqəti dəfn olunub” sözləri yazılıb, amma həmişəlik burada qalıb”.

Məlum oldu ki, başdaşı illərin təsiri ilə yana yatıb, rəngi tutqunlaşıb və üzərindəki yazılar da zorla oxunur. Görünür, məzar daşındakı yazıları atasını dəfn etməyə gələn oğlu Rüknəddin Mirzə Qacar yazdırıb.

-Yazının oğlu tərəfindən yazdırılması barədə hər hansı sübut varmı?

-Bəli, generalın oğlunun Helsinkiyə gəlməsi, 1918-ci il dekabrın 11-də “Privat” otelində yerləşməsi barədə sənəd var. Rüknəddin Qacar gələcəkdə atasının nəşini tarixi Vətənə aparmağa ümid bəsləyirdi. Amma XX əsrin hadisələri elə təlatümlü oldu ki, bunu edə bilmədi. Buna görə general indiyə qədər Finlandiya torpağında uyuyur.

-Maraqlıdır, finlər bu fakta necə münasibət bəsləyirlər?

-Əminlik hissi ilə deyə bilərəm ki, finlər general-mayorun məzarının onların ölkəsində olması ilə fəxr edirlər, çünki qəbiristanın arxivində bu məzar böyük ehtiramla qorunan üç məzar arasındadır. Orada yazılanları tərcümə edirəm: “Müsəlman qəbiristanında adlı-sanlı şəxsin – İran şahzadəsi Əkbər Mirzə Qaçarın məzarı yerləşir. O, rus ordusunun Finlandiyada yerləşən hissələrində xidmət edib və 1919-cu vəfat edib. Məzar əvvəlcə müvəqqəti nəzərdə tutulsa da, şahzadə indiyədək bu məzarda uyuyur. Tozağacının altında yerləşən məzarın üzərində tacir zümrəsindən olan şəxslər üçün tələb olunan qranit daş qoyulub. Daşın üzərində qızılı hərflərlə yazı həkk edilib. Başdaşının özü sadədir. Rus dilində olan yazı çətinliklə oxunur”.

-Necə olub ki, indiyə qədər bu barədə məlumatımız olmayıb?

-Bəli, həmvətənlərimizin adlı-sanlı həmyerlimizin məzarı barədə indiyə qədər məlumatlı olmaması məni də təəccübləndirdi. Axı üç ildən sonra onun vəfatının 100 illiyi tamam olacaq. Buna görə də “Suomi azərbaycanlıları” adlı essemdə bu barədə yazmağı və ilk növbədə mətbuatı məlumatlandırmağı qərara aldım. Ümidvaram ki, mənim informasiyam qədirbilən oxucuların rəğbətini qazanacaq. Bəlkə də imkanlı adamlar arasında elə bir mesenat tapılacaq ki, şanlı generalın layiqli başdaşı üçün pulunu əsirgəməyəcək. Axı məzar Finlandiyadadır.
Diaspora