İyulun 14-də YUĞ Dövlət Teatrında “Rindi-Şeyda” tamaşalarının premyerası baş tutacaq. QAZİLER.AZ-ın məlumatına görə, Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında hazırlanan “Rindi-Şeyda” tamaşasının ideya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Aytən Məmmədovadır.
Tamaşanın musiqi tərtibatı Amid Qasımova, plastik həlli Mikayıl Mikayılova məxsusdur.Janrı səmavi eşq ayini kimi təyin olunan tamaşada YUĞ Teatrının aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov iştirak edir.
Səhnə əsərində Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlı Odərin poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.
Tamaşada 3 aşiq xüsusi məkana daxil olub, onları narahat edən, əzab verən mənəvi-psixoloji komplekslərindən azad olub, yeni mənəvi-psixoloji keyfiyyətlərlə yollarına davam edirlər.