Bulvarda incəsənət mərkəzi açılıb

Bulvarda incəsənət mərkəzi açılıb backend

Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimində “Şirin Neşat: Gözlərimin evi” adlı sərgi təqdim edilib. QAZİLƏR.AZ saytı AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, dünya şöhrətli rəssam Tahir Salahov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, “ÜNS” teatrının rəhbəri, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva, “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova, eləcə də əcnəbi qonaqlar iştirak edib. Mərasimdə çıxış edən YARAT Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova bu qeyri-kommersiya təşkilatının fəaliyyətindən söz açıb. Onun sözlərinə görə, YARAT Müasir İncəsənət Məkanı dörd ildir fəaliyyət göstərir: "Bu gün açılışına toplaşdığımız YARAT Müasir İncəsənət Mərkəzində Qafqazdan olan rəssamların sənət əsərlərini nümayiş etdirəcəyik, habelə dünyanın digər ölkələri ilə müasir incəsənət əlaqələrini gücləndirəcəyik. Həmişə olduğu kimi, YARAT təhsil layihələrini ardıcıl olaraq həyata keçirəcək”.

Mərkəzdə əsərləri nümayiş olunan rəssam Şirin Neşata, habelə YARAT-ın kollektivinə, onu dəstəkləyən təşkilatlara təşəkkürünü bildirən A.Mahmudova deyib: “YARAT-ın kollektivi həqiqətən mənim ikinci ailəm olubdur. Bu layihənin ərsəyə gəlməsində birgə çalışmışıq”.

Sonra çıxış edən rəssam Şirin Neşat Azərbaycanda olmağından və əsərlərinin YARAT Müasir İncəsənət Mərkəzində sərgilənməyindən qürur duyduğunu deyib və YARAT-ın rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, YARAT Müasir İncəsənət Mərkəzində təqdim olunan sərginin diqqət mərkəzində rəssam Şirin Neşatın Azərbaycanda ərsəyə gətirdiyi yeni əsərlər durur. Sərgidə rəssamın əvvəlki işlərindən də ikisi yer alıb. Bunlar sənətkarın yaradıcılıq yolunu köklü surətdə müəyyən etmiş “Monoloq” (1999) və “Keçid” (2001) video-instalyasiyalarıdır. Sərginin Bakıya gətirilməsini kurator Dina Nasser-Xadivi təmin edib.

Açılış mərasimində YARAT-ın daimi kolleksiyasını təşkil edən əsərlərdən ibarət “Tarix yazılarkən: YARAT kolleksiyası” da nümayiş olunub. Bu sərgidə işləri ilə Azərbaycanda rezonans doğuran dünya şöhrətli rəssamlarla yanaşı, Qafqaz, Orta Asiya və qonşu ölkələrin rəssamlarının da əsərləri yer alıb. YARAT-ın kolleksiyasına gəlincə isə, o, son üç ildə toplanıb və xüsusilə YARAT Müasir İncəsənət Mərkəzində kurator Suad Qarayevanın təşkilatçılığı ilə keçiriləcək yeni-yeni sərgilərin özəl sifarişləri sayəsində daha da artırılacaqdır. “Tarix yazılarkən: YARAT kolleksiyası” YARAT Müasir İncəsənət Mərkəzində noyabrın 24-dək nümayiş olunacaq.

Şirin Neşatın işlərində insanın mədəni kimliyi və gender problemləri araşdırılaraq, “şəxsiyyət” anlayışına dair həm müasir konsepsiyalara, həm də İrana xas ənənəvi təsəvvürlərə müstəqil münasibət bildirilir. Son vaxtlar Şirin Neşat fotoqrafiya yaradıcılığında daha çox portret janrına üstünlük verilir. O, portretdən süzgəc kimi istifadə edərək, şəkildəki adamın daxili dünyasının dəyişilməsini, həyat hekayətlərini araşdırıb üzə çıxarır – sanki əsər qəhrəmanının üzünə baxınca onun tarixçəsini “oxumaq” olur.

Şirin Neşatın “Gözlərimin evi” adlı foto-silsiləsinin yaranması elə məhz müəllifin portret janrına artan marağından irəli gəlib. O, 2014-cü ildə Azərbaycanda 50-dən çox adamın foto-portretini çəkib. Ölkəmizin müxtəlif bölgələrini təmsil edən bu adamların yaşı ikidən səksənə qədər olub. Çəkiliş zamanı Şirin Neşat həmin adamlara onların doğma ocaq və mədəni kimlik anlayışlarına dair bir sıra suallar verib. Cavablar xəttatlıq üsulu ilə hər kəsin portreti üzərinə yazılıb.

Şirin Neşat bu əsərləri barədə deyir: “Bu yeni portretlər silsiləsini əsrlər boyu ən müxtəlif millətlər, dinlər və dillər üçün qarşılıqlı ünsiyyət meydanı olmuş ölkənin portreti kimi qiymətləndirirəm. Müxtəlif nəsilləri təmsil edən 55 kişi və qadın portretindən ibarət bu silsiləni Azərbaycanın zəngin tarixinə və müxtəlifliyinə həsr etmişəm”.

“Gözlərimin evi” silsiləsi elə monumental instalyasiyadır ki, onu təşkil edən əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin zallarından birində hündürlüyü 11 metr olan divarlarının ikisini tamamilə tutubdur.

YARAT Müasir İncəsənət Mərkəzi YARAT qeyri-kommersiya təşkilatına məxsus ilk daimi sərgilənmə yeridir. Xatırladaq ki, təsisçisi və bədii rəhbəri Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis olunduğu vaxtdan bəri bu təşkilat artıq 80-dən çox layihə həyata keçirib. Üzü Xəzər dənizinə açılan, sahəsi 2000 kvadratmetr, sovet dövründə möhtəşəm hərbi donanma obyekti olmuş bu tikilidə müvafiq yenidənqurma işləri tamamlandıqdan sonra hazırda YARAT-a məxsusdur. Bu mərkəz müasir incəsənətin, eləcə də incəsənət tədrisinin regional miqyaslı mərkəzi olmaq iqtidarındadır.

YARAT Müasir İncəsənət Mərkəzinin konfrans zalı müxtəlif tamaşalar, baxışlar və YARAT-ın təhsil tədbirləri üçün nəzərdə tutulub. Mərkəzin kitabxanasında YARAT-ın incəsənət nəşrlərindən tərtib olunmuş və daim artan kolleksiyası ilə tanış olmaq mümkündür. Burada yerləşən rahat abı-hava şəraitli kafe isə qeyri-formal müzakirələr və görüşlər guşəsi olaraq, Mərkəzin yaradıcı mühitini tamamlayır.

YARAT-ın fəaliyyətində təlim-tədris xüsusi yer tutur. Təşkilatın xüsusi tədris proqramı görüşlərdən, müsabiqələrdən, praktiki məşğələlərdən ibarətdir və ən müxtəlif dinləyici qruplarını tələbə rəssamlardan tutmuş ailələrə kimi hədəfə alır. Bu proqramın ehtiyaclarını təmin etmək üçün yeni mərkəzdə kitabxana və toplantı salonu olan tədris bazasına da yer ayrılıbdır.

İran əsilli rəssam Şirin Neşat təsirli foto və video instalyasiyaların müəllifi kimi şöhrət qazanıb. O, əsərlərində tez-tez cəmiyyətin sosial, mədəni və dini kodlarına, müəyyən qarşıdurmaların necə dəyişilməsinə müraciət edir – açıq ilə tünd, ağ ilə qara, kişi ilə qadın motivlərinin bir-birinin gözəçarpan əksini təşkil etdiklərini nümayiş etdirir.

Şirin Neşat xaricdə təhsil almaq üçün 1974-cü ildə İranı tərk edib və vətənə 1990-cı ildə gəlib. Onun bu səfəri yaradıcılığına güclü təsir göstərib, sənətində novator olmağı üçün ona ilham verib. 1999-cu ildə “Coşqun” adlı filminə görə Venesiya Biennalesinin beynəlxalq mükafatını qazanıb. 2000-ci ildə Londonun “Serpentine” qalereyasında fərdi sərgisi keçirilib. Şirin Neşat bir çox mükafatlara, o cümlədən Koreya Biennalesində (2000) Qran-priyə, Davosda Forumunun Büllur (2014), “Kişilərsiz qadınlar” adlı filminə görə Venesiya Beynəlxalq Kino Festivalının (2008) “Ən yaxşı rejissor işi” nominasiyasında “Gümüş Şir” mükafatlarına layiq görülüb.
Şirin Neşatın fərdi və qrup sərgiləri ABŞ, Yaponiya, Yunanıstan, Niderland, Avstriya və digər ölkələrin ən nüfuzlu sənət ocaqlarında nümayiş etdirilib. O, hazırda Nyu-Yorkda yaşayıb çalışır.
YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunan “Şirin Neşat: Gözlərimin evi” adlı sərgisi iyunun 23-dək davam edəcək.

Qeyd edək ki, incəsənət mərkəzi Bakı bulvarının yeni salınmış hissəsində yerləşir.
Diaspora