Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Don Kixot” və “Leyli və Məcnun” baletlərinin tamaşası ilə 107-ci mövsümünü başa vuracaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, mövsüm başa çatsa da, yaradıcı kollektiv iyul ayı ərzində yeni mövsümə hazırlıqla əlaqədar yaradıcılıq məşqlərini davam etdirəcək.Bundan əlavə, teatrın simfonik orkestri çox məsul bir qastrol səfərinə hazırlaşacaq. Belə ki, teatrın orkestr heyəti artıq 9-cu dəfə Almaniyada keçiriləcək Qut-İmmlinq Beynəlxalq Opera Sənəti Festivalında iştirak etmək üçün dəvət alıb. Orkestr festivala 60 nəfərlik heyətlə qatılacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq qastrol səfəri avqustun 1-dən 9-dək davam edəcək. Orkestr avqustun 7-də festivalın əsas tədbiri olan – “Qrand” final konsertində çıxış edəcək. 32 ölkənin qatıldığı festivalda, həmçinin dünya bəstəkarlarının operalarından ariya və duetlər səsləndiriləcək.
Konsertdə görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Polad Bülbüloğlunun musiqi əsərlərindən ibarət kompozisiyaların də ifa olunacağı nəzərdə tutulur.
“Qrand” final konsertində orkestri Qut-İmmlinq festivalının musiqi rəhbəri və dirijoru Korneliya fon Kerssenbrok, Xalq Artisti, professor Cavanşir Cəfərov, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev və gənc dirijor Murtuza Məmmədov idarə edəcəklər.