Xaçmazda “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival keçirilir

Xaçmazda “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival keçirilir backend

Xaçmazda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival keçirilir.


APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, festivalda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, yerli və xarici təşkilatların nümayəndələri iştirak edirlər.

Festival zamanı ölkəmizdə yaşayan milli azlıqların folklor musiqisindən ibarət “Bizim vətənimiz Azərbaycandır” konsert proqramı təqdim olunub, milli idman növləri nümayiş etdirilib. Bununla yanaşı, festival iştirakçıları ölkəmizdə yaşayan milli azlıqların mədəniyyətini tərənnüm edən tətbiqi sənət əsərləri, kulinariya, folklor, musiqi, xalçaçılıq, dulusçuluq sənəti və digər sənət əsərlərinin nümunələrindən ibarət sərgini izləmək imkanı qazanıblar. Həmçinin uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə yerli və xarici ölkələrin bəstəkarlarına məxsus klassik musiqidən ibarət konsert, “Azərbaycan - dünya multikulturalizminin ünvanlarından biridir” adlı rəsm sərgisi nəzərdə tutulub.

Festival zamanı “Gənc mədəniyyət işçilərinin kreativ koordinasiya qrupu”nun üzvləri və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələrinin birgə iştirakı ilə “Multikulturalizmin alternativi yoxdur” adlı elmi-praktiki konfrans da keçiriləcək.

2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi çərçivəsində “Multikulturalizmin alternativi yoxdur” şüarı altında Xaçmazda təşkil olunan festivalın məqsədi Azərbaycanda tarixən mövcud olan multikultural dəyərlərin qorunması, yaşadılması və təbliğidir.

Diaspora